SOCAR neft emalı üzrə proqnozunu açıqlayıb

0
411

Bu il SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 6,1 mln. tona yaxın neft emal ediləcəyi proqnozlaşdırılır.

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“Bu il ilkin olaraq 6,08 mln. tondan çox neft emal ediləcəyi planlaşdırılır. Bundan başqa, emal dərinliyinin də artırılması planlaşdırılır”, – deyə İ. Əhmədov qeyd edib.

Onun sözlərinə görə, NEZ-də ortalama illik emal həcmi 6 mln. tondur və modernləşdirmə layihəsi başa çatdıqdan sonra zavod ildə 7,5 mln. ton neft emal edə biləcək.

Ötən il ərzində NEZ-də 6,1 mln. tondan artıq neft emal edilib. Üstəlik, ilin əvvəlində qoyulmuş plan cüzi artıqlıqla yerinə yetirilib. Ümumilikdə ötən il zavodda 1,16 mln. tondan çox A-92 markalı benzin və 2 mln. tondan çox dizel yanacağı istehsal edilib.

“Ötən il ölkədə neft məhsullarının istehlakı 4%-dən çox artıb”, – deyə İ. Əhmədov əlavə edib.

Qeyd edək ki, NEZ aparılan təkmilləşdirilmə və yenidənqurma layihəsi çərçivəsində 2021-2022-ci illərdə Azərbaycanda Avro-5 standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə zavodun istehsalat həcminin 7,5 mln. tona qədər artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.

Xatırladaq ki, 1953-cü ildə əsası qoyulan NEZ-da hazırda təkmilləşdirilmə və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və təkmilləşdirilmə işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.