SOCAR Mübariz Mənsimova qarşı qaldırdığı üçüncü iddianı da uddu: “Palmali” təzminat ödəyəcək

0
420

Londondakı məhkəmə üçüncü arbitral qərarı da SOCAR-ın lehinə qəbul edib.

Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat verib.

2021-ci il fevralın 3-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) qaydalarına uyğun olaraq aparılan arbitraj prosesinin nəticəsində SOCAR qrupuna daxil olan “Azərbaycan (AÇG) Limited” şirkətinin lehinə qərar çıxarılıb.

Londonda yerləşən məhkəmənin SOCAR qrupu və “Palmali” qrupuna daxil olan şirkətlər arasındakı üçüncü arbitraj işi üzrə verdiyi qərara əsasən, “Azərbaycan (AÇG) Limited” şirkətinə 132 milyon ABŞ dollardan artıq pul təzminatı ödənilməlidir.

Bu, SOCAR Qrupuna aid olan şirkətlərin “Palmali” qrupu və Mübariz Mənsimova qarşı qaldırdığı üç arbitraj işindən axırıncısı idi.

Bununla da London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Assosiasiyası və BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) arbitraj qaydalarına əsasən keçirilmiş üç müstəqil məhkəmə prosesi SOCAR Qrupunun xeyrinə nəticələnib.

“Palmali”nin qarşılıqlı iddiaları rədd edilərək, SOCAR Qrupuna ümumilikdə 240 milyon ABŞ dollarından artıq təzminatın ödənilməsi barədə qərar verilib.

Qeyd edək ki, birinci və ikinci arbitral qərar barədə əvvəlki məlumatlara baxa bilərsiniz.