SOCAR-ın Ekologiya İdarəsi təkrar istifadəyə yararlı istehsalat tullantılarının idarə olunması və özgəninkiləşdirilməsi məqsədi ilə açıq hərrac elan edib.
Dövlət Neft Şirkətindən verilən məlumata əsasən, hərracda tullantıların idarə edilməsi sahəsində praktik təcrübəyə, müvafiq texnologiya və resurslara malik olan ixtisaslaşmış şirkətlər iştirak edə bilər.
Tədbirin əsas hədəfləri təsərrüfat fəaliyyətində formalaşan tullantıların yaratdığı neqativ təsirlərin azaldılması, təkrar istifadə oluna bilən, təkrar xammal xarakteri daşıyan tullantıların dövriyyəyə qaytarılmasıdır.
Tullantıların təkrar istifadəyə qaytarılması prosesində üstünlük verilən əsas tələblər yeni tullantıların yaradılmaması, təhlükəsiz idarəetmə bacarığı, qəbul olunmuş istehsalat tullantılarının tam utilzasiyasıdır.
Qeyd edilib ki, təkrar istifadəsi nəzərdə tutulan tullantıların hərracı prosesində qalibin müəyyən olunması üçün iştirakçıların texniki və ya texnoloji imkanları, təklif edilən ekoloji dayanıqlı həllər və iqtisadi səmərəlilik mühüm şərt kimi nəzərə alınacaq. Hərrac 16 iyun 2021-ci il tarixdə saat 10:00-da karantin rejiminin tələbləri nəzərə alınmaqla telekonfrans formasında keçiriləcək.
Tullantılar Qaradağ rayonunun Sahil qəsəbəsi, Puta-Korgöz-Qızıldaş Sahil yolundakı Tullantıların idarə edilməsi mərkəzində yerləşdirilib.
Qeyd edilən keçiddən açıq hərrac elanı ilə tanış ola bilərsiniz.