SOCAR Dübəndi terminalında saxlanılan işçilərlə bağlı məsələyə aydınlıq gətirib

0
411

Dekabrın 1-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Abşeronneft” Neft-Qazma Çıxarma İdarəsinin səkkiz gündür oteldə karantində saxlanılan 80-a yaxın işçisi Qərbi Abşeron yatağında növbə dəyişməsi üçün Dübəndi terminalına gətirilib. Dənizin dalğalı olması səbəbindən növbə dəyişilməyib, gəmi geri qayıdıb.

Gəmi yola düşəndə hava şəraiti pisləşdiyinə görə platformaya yan ala bilməyib və buna görə geri qayıtmağa məcbur olub. İşçilər Dübəndi terminalında gözləmə zalına yerləşdiriliblər.

Qeyd edək ki, gəminin operatoru “Azərbyacan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dir və gəminin platformaya yan almasının mümkünlüyü ilə bağlı “Azneft” İB deyil, QSC qərar verib.

“Azneft” İB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, işçilər xüsusi isitmə, istirahət, televizor və s. avadanlıqla təchiz olunmuş gözləmə zalında bir neçə saat gözlədikdən sonra yola düşüblər:

“Gözləmə müddətində işçilərin təkrar hotellərə qayıtması karantin səbəbindən məqsədəuyğun olmayıb, bir çox işçilər özləri də terminalda gözləmək istədiklərini bildiriblər”.

Neftçilərdən əldə etdiyimiz məlumata görə xüsusi təchiz olunmuş gözləmə otaqları BP şirkətindən alınıb və adətən məhz bu məqsəd üçün istifadə olunur.