SOCAR Dövlət Neft Fonduna 235 milyon dollar ödəniş edəcək

0
382

2021-ci ildə SOCAR-ın Dövlət Neft Fonduna 235 milyon ABŞ dolları ödəniş etməsi gözlənilir.

Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcə layihəsinə rəyində məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti arasında imzalanan SOCAR-ın Şahdəniz, Cənubi Qafqaz Boru Kəməri və Cənub Qaz Dəhlizi layihələri üzrə mənsub olduğu paylara düşən gəlirlərin idarə olunmasına dair Razılaşma Protokolunun icrasına uyğun olaraq növbəti illər ərzində 2007-2008-ci illərdə xam neftin satışından yaranan qiymət fərqi üzrə və SOCAR tərəfindən Azərbaycan Qaz Təchizatı Şirkətinə (AQTŞ) yaranmış borcu ilə əlaqədar Dövlət Neft Fonduna ödənişlərin həyata keçirilməsi nəzərdə tutulub. 

Razılaşma Protokolunun (Protokol) icrasına uyğun olaraq növbəti illər ərzində Protokolda nəzərdə tutulan aşağıdakı mənbələr üzrə Dövlət Neft Fonduna ödənişlərin həyata keçirilməsi nəzərdə tutulub:

– 2007-2008-ci illərdə xam neftin satışından yaranan qiymət fərqi üzrə ARDNF-yə SOCAR tərəfindən ödəniləcək 149 milyon 960 min 128 ABŞ dolları (30.09.2020 tarixinə ARDNF-yə 37 milyon 950 min ABŞ dolları ödənilib, yerdə qalan borc isə 112 milyon 10 min 128 ABŞ dolları təşkil edir). 

– SOCAR tərəfindən AQTŞ-yə yaranmış borcu ilə əlaqədar 2019-cu ilin sonuna kimi Azərbaycan Respublikasının payına düşən 820 milyon 456 min 507 ABŞ dolları məbləğində borc və cari il ərzində 30.09.2020 il tarixinə kimi yaranan borc 233 milyon ABŞ dolları təşkil edir.

SOCAR-ın ARDNF-yə ünvanladığı məktuba əsasən, Razılaşma Protokolunun icrasına uyğun olaraq, 2021-ci il ərzində həmin istiqamətlər üzrə ARDNF-yə 235 milyon ABŞ dolları vəsaitin daxil olması proqnozlaşdırılır. Nəzərdə tutulan ödəniləcək məbləğ mənfəət nefti və qazı üzrə ümumi gəlirlərin tərkibinə aid edilib.