Siz də bacararsınız! Aİ-nin Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstəyi haqqında

0
708

Yeni işə başlamaq asan deyil. Xüsusilə də məişət qayğıları, uşaqlar və valideynlərə qulluq sizin çiyinlərinizdədirsə, sizi heç kəs dəstəkləmirsə və nədən başlayacağınızı bilmirsinizsə. Qadınlara öz biznesinə başlamağa, təhsil almağa, özünün iqtisadi hüquqlarını qorumağa kömək edən çoxlu sayda beynəlxalq proqramlar mövcuddur. Bütün bu proqramlardan necə baş çıxarmaq olar? Əksər hallarda lazımi məlumatı tapmaq çətin olur. “Aİ-nin Şərq Qonşuları” layihəsi  Azərbaycanda həyata keçirilən bütün layihələri kartoçkalara toplayaraq öz bizneslərinə başlamaqda qadınlara kömək etməyi nəzərdə tutub.

Mən kənddə yaşayıram və ailəmə kömək etmək üçün fəaliyyətimi lazımi biznesə çevirmək istəyirəm. Ancaq haradan və necə başlayacağımı bilmirəm. Kimdən məsləhət ala bilərəm?

Avropa İttifaqı Azərbaycanın kənd yerlərində, xüsusilə qadınların iştirakı ilə yaşayış üçün gəlir mənbələrinin və müəssisələrin yaradılmasına fəal şəkildə dəstək verir. İnsanların öz biznesini yaratması üçün Aİ ölkənin müxtəlif bölgələrində yeni texnologiyalar, praktiki bacarıqlar və hətta maliyyə dəstəyi ilə təmin edən çoxlu sayda layihələrə dəstək verir.

Aşağıda onlardan bəzi nümunələr verilmişdir:

Azərbaycanın kənd yerlərində dayanıqlı mikrosahibkarlığın inkişafı layihəsi: Gəncə, Şəmkir, Quba, Bərdə, yaxud Zaqatala rayonlarında yaşayırsınızsa, bu layihənin köməyilə kənd təsərrüfatı sahəsində kiçik biznesə başlaya və ya mövcud biznesinizi inkişaf etdirə bilərsiniz. Layihə azı 500 nəfərə şəxsi və ailə büdcəsinin təşkili üçün maliyyə sahəsinə dair zəruri təlim və daha 150 nəfərə biznesin idarə edilməsi üzrə bacarıqlar, o cümlədən yeni müəssisələrə mentorluq dəstəyi təmin etmişdir. Sözügedən layihə Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən icra edilir. Bu qurum həmçinin Naxçıvanda Dayanıqlı inkişaf üçün qadınların səlahiyyətləndirilməsi adlı Aİ tərəfindən maliyyələşdirilən daha bir layihənin icrasını sona çatdırır.

Azərbaycanın Daşkəsən, Goranboy və Samux rayonlarında aztəminatlı kənd ailələrinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı layihəsi (SEEDS) SOS Uşaq Kəndləri -Azərbaycan tərəfindən icra edilir. Layihədə uşaqlar üçün müavinətlər və sosial xidmətlər ilə əlaqədar dəstək ilə yanaşı, kurs və təlimlər vasitəsilə təxminən 1000 qadının bacarıqlarının artırılması və yaşayış üçün gəlir mənbələrinin yaradılması nəzərdə tutulub. Daha 400 aztəminatlı kənd ailəsi (yaxud övladını təkbaşına böyüdən valideyn) kənd təsərrüfatının və turizm sahəsində fəaliyyətlərin təşviqi vasitəsilə gəlir mənbələrini yaxşılaşdırıb.

Balakəndə fəaliyyət göstərən ABAD Regional Mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək layihəsi BMTİP-nin Azərbaycan nümayəndəliyi tərəfindən icra edilir. Bu layihə biznesin yaradılması, qablaşdırma və logistika, brendləmə və satış üzrə təlimlər vasitəsilə əl işləri və qida istehsalı sahələrində müəssisələr yaratmaqda ailələrə dəstək verir, o cümlədən kiçik ölçülü avadanlıqların və istehsal vasitələrinin təmin olunmasında həmin ailələrə yardım edir.

“İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” (şimalda Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz, cənubda Salyan, Cəlilabad və Lənkaran) layihəsinin əhatə etdiyi səkkiz rayondan hər hansı birində yaşayırsınızsa, aqroturizmin inkişafı sahəsində dəstək əldə edə bilərsiniz. Buraya təlimlərlə yanaşı, biznes sahəsində məsləhət, məhsulun yaradılması və maliyyə yardımı daxildir.

Mənim pulum və biznes sahəsində təcrübəm olmadığı halda, maliyyə dəstəyini necə əldə edə bilərəm?

Kənd yerlərinin inkişafı üzrə layihələrin çoxu təlim və məsləhət xidməti təmin etməklə yanaşı, biznesə başlamaq üçün lazımi avadanlıqlarla təmin edir. Mikrosahibkarlıq layihəsi AMFA tərəfindən həyata keçirilir və biznesə başlamaq üçün lazımi avadanlıq və xammalın alınması məqsədilə startapları başlanğıc sərmayə ilə təmin edir. Öz növbəsində Aqroturizm layihəsi banklar və mikrokredit təşkilatlarına ərizələrin hazırlanmasında 24 layihə və 80 müəssisə sahibinə maliyyə dəstəyi göstərir. Xatırladırıq ki, bu layihələrin heç biri ayrıca qrant formasında yardım göstərmir. Onlar ancaq biznesin inkişafına dair təlimləri tamamlayan maddi yardım ilə təmin edir.

Aİ-nin dəstəyini həmçinin Cənub Şərqi Avropa üzrə Avropa Fondundan (CŞAF) da əldə etmək olar. AccessBank kimi yerli tərəfdaş ilə çalışan fond kənd təsərrüfatı, sənaye, ticarət və xidmət sahəsində çalışan ən kiçik müəssisələri (10 nəfərdən az işçisi olan) maliyyə (kreditin ölçüsü orta hesabla 4000 avro təşkil edir) ilə təmin edir.

2019-cu ilin dekabrında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda fəaliyyət göstərən yerli müəssisələrə dəstək məqsədilə Bank Respublika-ya 6 milyon dollar dəyərində kredit xətti açmışdır. Təxminən 4 milyon ABŞ dollarına bərabər yerli valyuta ilə kreditlər ölkənin müxtəlif hissələrində fəaliyyət göstərən mikro, kiçik və orta ölçülü müəssisələrə veriləcək. Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi (AZAFF) çərçivəsində isə kənd təsərrüfatı sahəsində çalışan müəssisələrə yerli valyuta ilə təxminən 2 milyon dollar dəyərində kreditlər veriləcək.

Mənim biznesim var, amma onu inkişaf etdirmək üçün köməyə ehtiyacım var. Aİ-nin hansı dəstəyindən yararlana bilərəm?

Biznesiniz varsa və onu inkişaf etdirmək istəyirsinizsə, Azərbaycanda özəl sektorun inkişafına dəstək verən EU4Business təşəbbüsü çərçivəsində icra olunan çoxlu sayda proqramlar vasitəsilə maliyyə (və təlim) xidmətindən yararlana bilərsiniz.

Xüsusilə AYİB-in İş qadınları proqramı qadınlar tərəfindən idarə olunan müəssisələrə təlim və subsidiya alan müəssisələr üçün məsləhət xidməti təklif edir. Proqram həmçinin biznesi qiymətləndirmək və lazımi dəstək haqqında məlumat almaq üçün Business Lens kimi fərdi onlayn alətlər təklif edir.

Subsidiya alan müəssisələr üçün məsləhət xidmətini həmçinin strategiya, marketinq, əməliyyatlar, keyfiyyətin idarə edilməsi, enerjinin səmərəliliyi, maliyyənin idarə edilməsi və digər sahələr üzrə Kiçik müəssisələr üçün məsləhət xidməti proqramı çərçivəsində əldə etmək mümkündür. Ərizə ilə müraciət haqqında öyrənmək üçün AYİB-in internet səhifəsinə daxil olun.

Kənd təsərrüfatı məhsullarının emalı (emal edilmiş meyvə və tərəvəz, qurudulmuş meyvələr, şərab və fındıq) və ya yüngül sənaye (xalçalar, ipək şərflər, əl işləri) sahəsində müəssisəniz varsa, Ticarətə hazıram layihəsi çərçivəsində məsləhət və bazara çıxış ilə bağlı dəstək əldə edə bilərsiniz.

Orada mənim kimi Aİ-nin köməyi ilə öz biznesinə başlayan qadınlar var?

Zəminə Ağalarova Kiçik ailə bizneslərinin inkişafına dəstək layihəsi çərçivəsində təlim kurslarında iştirak etmişdir. O, biznes planın tərtib olunması, brendin yaradılması, o cümlədən internet vasitəsilə satış və qablaşdırma qaydalarını öyrənmişdir. Bununla da o, özünün xalça toxuma biznesinə başlamışdır.

Qadın aksesuarları və evə qulluq vasitələrinin satışı ilə məşğul olan ESSE LLC şirkətinin rəhbəri Gülnarə Həsənova Kiçik müəssisələrə məsləhət proqramı çərçivəsində Aİ tərəfindən maliyyələşən satış üzrə təlimdə iştirak edərək müştərilərin sayını 25%, dövriyyəni isə 18% artırmağı bacarmışdır.

Aytəkin Sadıqova Sabirabad, Neftçala və Biləsuvar rayonlarında qadın resurs mərkəzləri yaradan və Aİ tərəfindən maliyyələşdirilən Gender bərabərliyi və qadın hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması layihəsi çərçivəsində biznesə başlamağa dair maliyyə və təlim xidmətindən yararlanmışdır. Hazırda onun 22 arı təknəsi var və onlardan 10 ədədini layihənin dəstəyi nəticəsində ala bilmişdir.

Müxtəlif sahələrdə Aİ-nin dəstəyindən yararlanan beş Azərbaycanlı qadın haqqında daha çox uğur hekayəsi oxumaq üçün buraya klikləyin.

Əmin deyiləm. Doğrudur biznesə başlamaq istəyirəm, amma yeni bacarıqlara yiyələnməliyəm. Aİ mənə bu istiqamətdə necə kömək edə bilər?

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək layihəsi vasitəsilə bacarıqlara dair birbaşa dəstəkdən yararlana bilərsiniz. Adı çəkilən layihə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi tərəfindən Bakı, Qəbələ, Qax, Gəncə, Xaçmaz, Masallı, Mingəçevir və Zaqatala rayonlarında həyata keçirilir. Layihədə 3000 pilot peşə və orta məktəb tələbəsinin sahibkarlıq və maliyyə savadlılığı üzrə təlimlərə cəlb olunması nəzərdə tutulub.

Adı çəkilən səkkiz hədəf rayonlardan hər hansı birində fəaliyyət göstərirsinizsə, Aqroturizm layihəsi kənd yerlərində yaşayan gənc və iş axtaran şəxslərə PTT (Peşə təhsili və təlimi), əmək yarmarkaları və aqroturizm sahəsi üzrə təqaüd proqramları vasitəsilə dəstək verir.

30 yaşından kiçik gənc qadınlara isə Aİ özünün Erasmus + gənclər üçün proqramları çərçivəsində olduqca maraqlı imkanlardan yararlanmağı təklif edir. Avropa Həmrəylik Kospusunun gənclər üçün layihələrində və ya xaricdə könüllülük fəaliyyətlərində iştirak etməklə siz yeni bacarıqlara yiyələnən və dəyərli təcrübəyə sahib olan 3000 Azərbaycanlı gəncə qoşula bilərsiniz.

Erasmus + universitet tələbələri üçün Avropada tələbə mübadilə proqramları və aspirantura tələbələri üçün nəzərdə tutulmuş proqramlarda iştirak etməyi təklif edir. Bu proqramlar və müraciət qaydası haqqında daha ətraflı məlumatı buradan öyrənin.

Kimdən kömək istəyə bilərəm?

EU4Business təşəbbüsü çərçivəsində dəstəklənən layihələr və maliyyə imkanları haqqında məlumatı və əlaqə vasitələrini öyrənmək üçün EU4Business təşəbbüsünün Azərbaycan üzrə portalına daxil olun. Orada hər bir layihə üzrə əlaqə nömrələrini, eləcə də təşəbbüs ilə çalışan tərəfdaş banklar haqqında geniş məlumat əldə edəcəksiniz.

Aİ tərəfindən maliyyələşdirilən bütün layihələr üzrə fəaliyyətlər və iştirak imkanlarına dair təfərrüatları və keçidlər üçün Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook səhifəsini izləyin. BMTİP-in Azərbaycan nümayəndəliyinin internet səhifəsində müntəzəm olaraq Aİ tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində qadınlar üçün iştirak imkanları və uğur hekayələri işıqlandırılır.