Siyasi şərhçi: İran Ermənistana dəstək verməklə heç nəyə nail ola bilməyəcək

0
200

İranın uzun illərdir davam edən ermənipərəst riyakar siyasəti yeni müstəviyə qədəm qoyur. Açıq-aydın görünür ki, bu təhlükəli tendensiya bölgədə vəziyyəti gərginləşdirməyə hesablanıb.

Bunu açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

S.Kərimli bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəsi, bölgədə yaranan yeni reallıqlar təəssüf ki, bəzi dairələr, xüsusi ilə də İran İslam Respublikası tərəfindən qısqanclıqla qarşılanır. Son zamanlar rəsmi Tehranın tutduğu yanlış siyasi xətt, sıx reallaşan qarşılıqlı səfərlər, səsləndirilən məsuliyyətsiz bəyanatlar rəsmi İrəvana qol-qanad verir, sülh prosesinin uzadılmasına rəvac verir.

“İranın Ermənistan kimi işğalçı, terrorçu və separatçı bir ölkəyə iqtisadi yardımlar etməsi, bu ölkə ilə iqtisadi əlaqələrin daha da gücləndirilməsi istiqamətində atdığı addımlar bölgə üçün yaxşı heç nə vəd etmir. Aydın məsələdir ki, İran vandal Ermənistana dəstək verməklə həm də İslam dəyərlərinə hörmətsizlik edir və bu dəyərləri heçə sayır. Azərbaycan ərazilərində məscidləri dağıdan, İslam dinini təhqir edən vəhşi Ermənistana dəstək vermək İslam Respublikasına necə yaraşa bilər?

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Ermənistana rəsmi səfəri zamanı “Biz Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edirik” bəyanatını verməsi də reallıqdan qat-qat uzaqdır. Çünki, bütün dünyaya yaxşı məlumdur ki, bölgədə təhlükəsizliyə yeganə təhdid elə Ermənistandır. Bu ölkənin hərbi siyasi rəhbərliyi 30 ilə yaxın Azərbaycanın suveren ərazilərini işğalda saxlayıb, viran qoyub. Hələ üstəlik işğal altındakı torpaqlarımızı İranla bərabər talan edib. İndi necə olur ki, İran Ermənistanı müdafiə edir, ona arxa-dayaq durur?”, – deyə siyasi şərhçi qeyd edib.

Onun sözlərinə görə, İranın bu addımları bölgədə vəziyyəti gərginləşdirmək, proseslərə kobud müdaxilə edərək təşəbbüsü ələ almaq və nəyəsə nail olmaq məqsədi daşıyır. Amma hamı bilməlidir ki, Azərbaycan 30 il əvvəlki ölkə deyil. Bu gün Azərbaycan güclü və qüdrətlidir, ölkəmizin dünya tərəfindən böyük hörmət və ehtiramla qəbul edilən qətiyyətli lideri var.

“Bu bir reallıqdır ki, İran Ermənistana siyasi-iqtisadi dəstək verməklə heç nəyə nail ola bilməyəcək. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, İran bu addımları ilə özünü gülünc vəziyyətə salır. Təkcə bir faktı demək kifayətdir ki, baş nazir Nikol Paşinyan İranın xarici işlər nazirini qəbul üçün 3 gün gözlədib. Cənub qonşumuz bu mövqeyi ilə olan-qalan hörmətini, nüfuzunu itirir.