Sirli “Diri baba” türbəsi: Şeyx burada səcdədə ikən ölüb, meyiti 300 il çürüməyib – REPORTAJ

0
579

Səkkiz gizli mağaranın əhatəsində, qayaların içərisində yerləşən sirli abidə haqqında çoxsaylı rəvayətlər səslənir, yerli əhali buranı ziyarətgah hesab edir. Abidənin üzərində 1402-ci ildə inşa edildiyi qeyd edilib. İnsanlar bu yeri “Diri Baba” türbəsi kimi tanıyır.

Qobustan rayonu yaxınlığında, Mərəzə qəsəbəsində, köhnə qəbiristanlığın yaxınlığında inşa olunmuş abidəyə kiçik bir yol gedir. Mənbələrdə qalanın XV əsrdə Şirvanşah birinci Şeyx İbrahim Xəlillullah tərəfindən inşa edilməsinə dair məlumatlar var.

Oxu.Az-ın əməkdaşları yerli əhalinin tez-tez ziyarət etdiyi “Diri Baba” türbəsindən reportaj hazırlayıb.

Qalanın memarının adı məlum deyil. Belə ki, günbəzin içəri tərəfində beş yerdə memarın adı qeyd olunsa da, bir zamanlar baxımsız qaldığı üçün həmin hissələr silinib. Divarlarda sadəcə “Ustad Hacı oğlu” yazısına rast gəlinir.

Bundan başqa, türbənin mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində 805 yazılıb. Ehtimal edilir ki, bu rəqəmlər hicri təqvimi ilə abidənin inşa edildiyi tarixi göstərir.

Abidənin görünüşü, günbəzli salonu, üzərindəki işləmələr (alov, qızılgülü xatırladan rəsmlər) ilk baxışda Şirvanşahlar saray kompleksini xatırladır. Ümumilikdə eyni tipli dekorativ işlər əsasında “Diri Baba” türbəsinin orta əsr Şirvan-Abşeron memarlığına aid olduğunu demək olar.

Təmirdən əvvəlki görüntülərinə əsasən, türbəyə getmək üçün dərədən keçməli və düz divara dırmaşmaq lazım idi desək, yanılmarıq. O dövr üçün türbə kifayət qədər strateji ərazidə yerləşib.

Türbə haqqında yerli camaat arasında müxtəlif rəvayətlər gəzir. Deyilənə görə, türbənin adı onun içərisində, daha dəqiq desək, ikinci mərtəbəsində dəfn edildiyi ehtimal edilən kişi ilə bağlıdır.

Abidə iki mərtəbəlidir, türbə günbəz formasındadır. Birinci mərtəbədə sol tərəfdə ikitağlı pəncərə və qapısı olan, hündürlüyü yeddi metrə yaxın olan kiçik bir hücrə var. Türbəni ziyarətə gələn insanlar burada ibadət və istirahət edə bilir.

Dar, ensiz və hündür 12 daş pilləkənlə mərtəbələrə çıxmaq olur. Geniş zalı xatırladan otağın iki pəncərəsi var. Ön pəncərənin dərinliyi təxminən bir metrə yaxındır. Ondan sağda tavanı səkkizkünc günbəzlə örtülü, məzarın olduğu kiçik kvadrat otaq var.

Maraqlı məqam odur ki, havanın isti olmasına baxmayaraq, içəri hücrədə hava çox sərin olur. Hətta hücrənin mağaraya bitişik divarlarından sərin hava axınını hiss etmək mümkündür.

Türbə ilə bağlı məlumat verən bələdçi Nəsib Babaşovun sözlərinə görə, türbədə dəfn olunan şəxsin Şeyx İbrahim Xəlillullahın dövründə yaşamış biri olduğu ehtimal edilir.

Meyiti 300 il çürüməyən şeyx

“Rəvayətə görə, Şahın dövründə yaşamış Şeyx Məhəmməd adlı şəxs burada ibadət edib. O, səcdədə bir xeyli dua edərmiş. Elə ibadət zamanı, səcdədə ölüb. Deyilənə görə, onun meyiti 300 il çürüməyib.

Məşhur türk səyyahı Övliya Çələbi 1647-ci ildə Azərbaycana səyahəti zamanı bu barədə eşidib və maraqlanıb. Özünün on cildlik “Səyahətnamə” əsərində bu barədə qeydlər yazıb. Əsərdə  yazır ki, Şirvana çatmamış yüksək dağda səcdə vəziyyətində dayanan bir qoca görüb.

Qocanın səcdədən qalxmadığını müşahidə edib və türbənin təmizliyinə cavabdeh olan Səlahəddin adlı şəxsdən onun namazını nə zaman başa vuracağını soruşub. Həmin şəxs də cavabında qocanın bir neçə yüz il əvvəl vəfat etdiyini deyib. Bu türbənin “Diri Baba” adlanması da məhz o kişinin meyitinin uzun illər çürüməməsi, diri qalması ilə əlaqəlidir”.

Türbə yerli vətəndaşlarla yanaşı, turistlər üçün də sirli və maraqlı yerdir. Mənbələrdə qeyd olunur ki, 1636-1637-ci illərdə Şamaxıya səyahət edən Holştiniya hersoqluğunun elçisi, səyyah Adam Oleari “Diri Baba” türbəsini gəzib. O, bu türbə haqqında qısa məqalə yazıb, qara qələmlə türbənin rəsmini çəkib. Eyni zamanda XIX əsrin 60-cı illərində Peterburq Universitetinin professoru, şərqşünas B.Dorn özünəməxsus memarlıq nümunəsi olan bu qalanı nəhəng “qartal yuvası”na bənzədib.

“Diri Baba”nı sufilərin xəlvəti qolu ilə əlaqələndiriblər. Hətta günbəzin səkkizguşəli olmasını səkkiz cənnətin olması ilə əlaqələndirirlər. Deyilənə görə, “Diri Baba” uzun illər boz rəngli ibadət geyimində 40 gün xəlvətə çəkilib və namaz qılıb:

Məzarda kimin yatdığını dəqiqləşdirmək üçün arxeoloji qazıntı aparılmayıb

“Rəvayət edirlər ki, babanın əynində boz əbası olub. Yerli camaat onun çürüməmiş meyitinin üzərindən əbanın hissələrini kəsərək özləri ilə götürərdilər. Bu gün orada məzar var. Amma içərisində kimin yatdığı bəlli deyil. Həmin Şeyx Məhəmmədin, ümumiyyətlə, burada dəfn edilib-edilmədiyi də sual altındadır. Burada arxeoloji qazıntılar aparılmayıb. Türbəni ziyarətə dünyanın 70 ölkəsindən turist gəlir”.

Türbə yerli əhali tərəfindən müqəddəs məkan hesab edilir, insanlar bura qeyri-adi inancla bağlıdır.

Qalada ən son 1956-cı ildə təmir-bərpa işləri aparılıb. Təmir zamanı türbənin birinci mətəbəsinə toxunulmayıb, ikinci mərtəbədə isə günbəz daxil olmaqla, divarlar, işləmələr restavrasiya edilib. Abidə 1990-cı illərdə baxımsız vəziyyətdə qaldığı üçün bərbad hala salınıb, dağıdılıb. Abidənin üzərində müxtəlif cızıqlar, rəqəmlər, sözlər yazılaraq üzərindəki qeydlər silinib.

Ötən ilin fevral ayında “Diri baba” türbəsində naməlum şəxslər tərəfindən yanğın törədilib. Abidənin şəbəkə formasında olan pəncərələrinin bir hissəsi dağıdılıb, türbəyə ciddi ziyan vurulub.

Hətta deyilənə görə, Məşədi Xan Nemətov 1963-cü ildə qalaya məxsus qədim daş kitabəni Rusiyanın Sankt Peterburq şəhərində görüb və onu alaraq Azərbaycana gətirib. Ən son məlumatlara görə, həmin daş kitabə bu gün “Ədalət” muzeyində qorunur.

Uzun illər bundan qabaq Nərimankənd ərazisində Malakanların yaşadığı qeyd edilir. Yaxınlıqda görülən hündür məzarların da onlara aid olduğu ehtimal edilir. Qəbirlər XV-XVI əsrlərə aiddir, üzərində olan qeydlərin yarısı silinib. Məzarlardan birinin üzərində hicri təqvimi ilə “1303-cü il, Solmaz” yazısı var.

Türbənin ətrafındakı gizli mağaralar haqqında da bir çox fərziyələr irəli sürülür. Ehtimal edilir ki, mağaralar arasında gizli keçidlər olub. Sonralar bu keçidlər uçqunlar nəticəsində bağlanıb və hətta bu gün səkkiz mağaradan yalnız ikisinə müəyyən qədər girmək mümkündür.

2001-ci ilin avqustun 2-si Nazirlər Kabinetinin qərarı ilə “Diri Baba” türbəsi ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi elan edilib. Abidənin ətrafında əsaslı abadlaşdırma işləri aparılıb, yolu qaydaya salınıb.

Abidədə yaxın zamanlarda əsaslı təmir-bərpa işlərinin aparılacağı da bildirilib.