Sınaq imtahanı yeni model əsasında təşkil olunacaq

0
288

Dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə keçiriləcək sınaq imtahanı yeni imtahan modeli əsasında təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.

Məlumatda xatırladılıb ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanında iştirak etmək istəyənlər 16 dekabr saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan imtahan modelinə uyğun keçiriləcək.

Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan üç tapşırıqdan istifadə olunacaq.

İmtahanda abituriyentlərə 30 tapşırıq:

– dinləyib-anlamaya dair bir mətn və mətnə aid dörd (üç qapalı + bir yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;
– oxuyub anlamaya dair iki mətn və hər mətnə aid səkkiz (yeddi qapalı + bir yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;
– dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir.

İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.