Seysmoloqdan xəbərdarlıq: İrəvan yerlə-yeksan olacaq

0
77

“Paytaxtdakı binaların əksəriyyəti sovet dövründə 7-8 ballıq zona üçün tikilib. İrəvan seysmik təhlükə xəritəsində 9 ballıq zona hesab olunur və əgər bizdə 9 ballıq zəlzələ olsa, nəticəsi pis olacaq. Binaların 45%-i risk zonasındadır, dağılma riski yüksək olan obyektlər kimi təsnif edilir”.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Xidmətinin direktoru Sos Marqaryan bildirib.

“Sovet İttifaqı illərində İrəvanda bütün ərazi üçün seysmik risk lazımi səviyyədə qiymətləndirilməyib, ona görə də binalar olması lazım olduğundan daha az seysmik risk üçün tikilib”, – deyə Marqaryan vurğulayıb.

O izah edib ki, uzun illər İrəvanda tikinti 7-8 ballıq zəlzələ riski nəzərə alınmaqla aparılıb. Lakin seysmik xəritəyə əsasən, şəhər 9 ballıq təhlükəli zonada yerləşir ki, bu da seysmik risklərin lazımi səviyyədə qiymətləndirilmədiyini göstərir.

“9 bal gücündə zəlzələdə dağıntı qaçılmazdır, lakin bu, 4800 binanın hamısının dağılacağı anlamına gəlmir. Ən böyük risk binaların 45%-i üçün mövcuddur”, – Marqaryan izah edib.

Mütəxəssis onu da vurğulayıb ki, köhnə tikililərin seysmik müqavimətini artırmaq və gücləndirmək olar. Stabilliyin qiymətləndirilməsi lisenziyalı şirkətlər və təftiş qurumları tərəfindən aparılır və tikintiyə icazə verilərkən seysmik amillərin nəzərə alınması tələb olunur.

Xatırladaq ki, avqustun 12-də saat 02:00 radələrində Ermənistanın Martuni şəhərindən şimal-qərbdə Yeranos kəndindən 9 km aralıda 4,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə, episentrdə isə təkanların gücü 5-6 bal olub. Zəlzələ Geqarkunik (5 bal), Kotayk vilayəti (4 bal) və İrəvanda (2-3 bal) hiss olunub. Zəlzələ nəticəsində 50-yə yaxın ev və digər tikililərə ziyan dəyib.