Mədəniyyət TV-də Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş yeni – “Üç tenor” layihəsinə start verilib.
Layihə çərçivəsində Azərbaycanın “Üç tenor”u – Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Ramil Qasımov və Fərid Əliyev bir araya gəlib Üzeyir Hacıbəylinin “Sevgili canan” əsərini ifa ediblər.
Bəstəkar bu əsəri Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində yazıb. 40-cı illərin əvvəllərində Üzeyir Hacıbəyli şairin “Yeddi gözəl” əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Üzeyir bəy bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, xarakterlərini və daxili aləmlərini təsvir etməyi planlayırdı. Lakin yalnız iki romans bəstələyir: “Sənsiz” və “Sevgili canan”.
Layihə haqqında üç tenorun fikrini öyrənməyə çalışdıq.
Xalq artisti Samir Cəfərov deyib ki, bu günə kimi Azərbaycanda klassik qrup olmayıb:
“Azərbaycanda musiqi qrupları çoxdur. Çox təəssüf ki, bu günə kimi klassik qrup olmayıb. Biz çalışıb “Üç tenor”u klassik brendə çevirəcəyik. Artıq özümüzə müəyyən repertuar da tərtib etmişik. Repertuarımız çox zəngindir. Hətta gələcəkdə konsertlərlə bölgələrə səfərə çıxmağı da düşünürük. Çünki klassik əsərlərə çox böyük ehtiyac var. “Sevgili canan”a müraciətimiz isə təsadüfi olmadı.
Premyeramızı Milli Musiqi Günü, eyni zamanda, Üzeyir bəyin 135 illiyi ərəfəsində planlaşdırdığımız üçün elə ictimaiyyət qarşısına bu əsərlə çıxmaq istədik”.
Əməkdar artist Fərid Əliyev təklifdən çox sevindiyini bildirib:
“Layihə ilə bağlı təklif mənə Əməkdar artist Ramil Qasımov tərəfindən gəldi. Çox sevindim. Çünki Ramil Qasımov çox böyük vokal istedada malikdir. Layihədə onun böyük zəhməti var. “Sevgili canan”a müraciət isə simvolik xarakter daşıyır. Üzeyir bəyin doğum günü və Azərbaycanda Milli Musiqi Gününə təsadüf etdiyi üçün ilk olaraq bu əsəri ifa etməyi düşündük. Amma gələcəkdə də repertuarımızda Üzeyir Hacıbəylinin əsərləri həmişə olacaq”.
Mədəniyyət TV-nin direktoru, Əməkdar artist Ramil Qasımov da layihə ilə bağlı təəssüratlarını bölüşüb:
“Bildiyiniz kimi Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Günü hər il ölkəmizdə mədəni tədbirlərlə qeyd edilib. Bu il Üzeyir bəyin 135 illiyi pandemiya dövrünə düşdüyündən bir çox tədbirlər, beynəlxalq festivallar baş tutmadı. Biz isə kanalımızda bu günədək keçirilmiş 11 Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivallarından seçmələri toplayıb efirə verdik.
Azərbaycanın üç tenorunun ifasında “Sevgili canan” romansı da tamaşaçılar tərəfindən çox böyük maraqla qarşılandı. Düşünürük ki, pandemiya bitəndən sonra bu üçlüklə Azərbaycanın hüdudlarından kənara da çıxaq. Artıq ifa edəcəyimiz növbəti əsər haqda düşünürük. Bu, italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operasından “Hersoqun partiyası” ola bilər. Ümumiyyətlə, gələcəkdə dünya və Azərbaycan opera incilərinə müraciət edəcəyik”.
“Sevgili canan” qəzəl-romansını öz dövründə Bülbül və Müslüm Maqomayev kimi korifeylər ifa ediblər.
“Üç tenor” layihəsini həyata keçirməkdə əsas məqsəd Azərbaycanın musiqi mədəniyyətini, klassik əsərlərimizi dünyada tanıtmaqdır. Gələcəkdə layihədə dünya və Azərbaycan bəstəkarlarının klassik nümunələri də yer alacaq.
Layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.