Separatçıların məxfi iclasının detalları – Sülh sazişinə qarşı təxribat hazırlanır

0
184

İki həftə öncə keçmiş separatçı rejimin qondarma “parlamentinin” İrəvanda keçirilən qapalı iclası Ermənistanın siyasi-ekspert cameəsi tərəfindən müzakirə mövzusuna çevrilib. Xüsusilə iclasın qapalı baş tutması suallar yaradır.

Ermənistan hakimiyyətinə yaxın ekspertlər qapalı iclasda mümkün təxribtların hazırlığının müzakirə edildiyini istisna etmir.

Bu təxribatlar iki istiqamətdə ola bilər: birincisi, Ermənistanda hakimiyyət dəyişikliyinə dəstəyin verilməsi, ikincisi, Azərbaycan-Ermənistan sülh müqaviləsinə mane olmaq.

Erməni politoloq Davit Stepanyan Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana məxsus olan “Haykakan Jamanak” nəşrinə müsabəsində separatçıların qapalı iclasına dair müəyyən detalları açıqlayıb.

Onun sözlərinə görə, bu iclasın “Qarabağ ermənilərindən” də gizli şəkildə keçirilməsi suallar yaradır və hansısa planların qurulduğu ehtimalını önə çıxarır.

“Deməli orada gizli nələrsə müzakirə olunub və bu, Ermənistan Respublikasının suverenliyi üçün bomba effekti yarada bilər. Maraqlıdır ki, ermənilərin Qarabağdan çıxdığı iki ay müddətində (qondarma) “parlament” və (qondarma) “hakimiyyət” heç nə danışmayıb, heç bir iş görməyib. Lakin iki ay sonra iclas keçirirlər və bunu qapalı edirlər. Fikrimcə, burada oyun var və bu oyunu quran Rusiyadır. Onların dəqiq nə planlaşdırdığını demək çətindir. Çevrilişə hazırlaşırlar, yaxud yeni diktatura rejimi qurmaq istəyilər, bilmirəm, amma indi tərəziyə Ermənistanın suverenliyindən başqa bir şey qoyulmur. 1994-cü ildən bəri Qarabağı talan etdilər, Ermənistandan göndərilən pulları mənimsədilər. Robert Koçaryan və Serj Sarkisyan onilliklər ərzində varlandılar. İndi də Ermənistanın suverenliyi üzərindən oynayırlar”, – o deyib.

D.Stepanyan hesab edir ki, bu qüvvələrin Ermənistanda hakimiyyəti ələ keçirmək imkanı zəifdir, lakin müəyyən planları var: “Onlar Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına mane olacaq bəzi hərəkətlər də edə bilərlər, çünki sülh müqaviləsinin imzalanması Rusiyanın maraqlarına uyğun gəlmir”.

Erməni politoloq qeyd edib ki, Qarabağdakı rejim Şahramanyan tərəfindən ləğv edilibsə, onların Ermənistanda fəaliyyət göstərməsi qəbuledilməzdir və (qondarma) “parlament” də özünü buraxmalıdır.