Sensasion gəlişmə: Volkov birbaşa Bakıya uçdu – Video

0
397

Ötən gün Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanının dəyişdiyi haqda məlumat yayıldı.

Yeni komandanın general-mayor Andrey Volkov olduğu üzə çıxdı.

Bu gün isə Rusiya sülhməramlılarının ilk komandanı general-leytenant Rüstəm Muradovun Andrey Volkovla birbaşa Bakıya uçduğu üzə çıxdı. Belə ki, A.Volkov artıq müdafiə nazirimiz Zakir Həsənovla görüşüb və onu nazirimizə R.Muradov təqdim edib.

A.Volkovun İrəvanda olması və erməni müdafiə naziri Papikyanla hər hansı görüş keçirdiyi haqda isə heç bir informasiya yoxdur.

Bu, Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsindən bəri ilk presedentdir. Belə ki, bu vaxta qədər komandan olmuş Rüstəm Muradov, Mixail Kosobokov və Gennadi Anaşkin ilk olaraq İrəvana gediblər və ilk görüşü də Ermənistan rəsmiləri ilə keçiriblər.

Azərbaycan ictimaiyyətində isə hər zaman bu sual aktual olub: rus sülhməramlıları Azərbaycan ərazisində yerləşirsə, niyə onun komandanı ilk görüşünü Ermənistan rəsmiləri ilə keçirməlidir?

Belə görünür ki, Rusiya Müdafiə Nazirliyi artıq hansı ölkənin ərazisində yerləşdiyini nəhayət, nümayiş etdirmək qərarı verib və bu, olduqca mühüm addımdır. Həmçinin bu, Rusiya MN-in sülhməramlı missiyasında daha ədalətli davranacağı və ermənilərin himayədarı olmaqdan çıxacağının anonsu da sayıla bilər.