Şaxtalı hava şəraiti adətən öz mənfi təzahürünü yol-nəqliyyat hadisələrində daha çox göstərir. Avtomobillərin toqquşması ilə nəticələnən qəzaların sayı avtomatik olaraq sığortaya müraciət hallarını da artırır. Amma bu zaman ortaya bir sıra problemlər çıxır və onların nəticəsinin aradan qaldırılması uzun müddətə başa gəlir.
Problemlərin nədən qaynaqlandığına sığorta eksperti İlkin İbrahimov aydınlıq gətirdi:
“Problemlərdən biri günahın kimdə olması məsələsidir. Belə hava şəraitində avtomobillərin toqquşması zamanı günahın kimdə olmasını müvafiq orqanlar, yəni Dövlət Yol Polisi belə təyin etməkdə çətinlik çəkir. Onlar da belə hallarda ekspertizalar təyin edirlər ki, bu da vaxt alır”.
Sığorta eksperti bir daha bu cür vəziyyətlərdə KASKO sığorta növünün nə qədər üstün olduğunu diqqətə çatdırdı:
“Problemlərin aradan qaldırılması üçün iki sığorta məhsulumuz olmalıdır: Birincisi, avtonəqliyyat vasitələrinin mülkü məsuliyyətinin icbari sığortası. Bu növ qarşı tərəfə dəyən ziyanı ödəyir, üçüncü şəxslər qarşısında məsuliyyəti nəzərdə tutur. İkinci sığorta növü isə KASKO, yəni könüllü sığorta növüdür. Bizim avtomobilimizə hər hansı bir əşyanın dəyməsi, vurulması, çırpılması halında bununla bağlı KASKO növündə sığortalanma yaxşı olardı. Bununla əlaqədar təzminatı sığorta şirkətlərindən almaq mümkündür”.
Müqayisə üçün Türkiyənin sığorta bazarındakı təcrübəni öyrəndik.
“Türkiyənin sığorta şirkətlərinin birində çalışan Əfsanə Hüseynova deyir ki, adətən belə hava olan zaman əvvəlcədən müştərilərə xəbərdarlıq SMS-i göndərilir ki, ehtiyatlı olun. Ə.Hüseynova qeyd edir ki, qarlı-yağışlı havada şikayət edən müştəri məhkəmə proseslərində qalib gəlir”.
Ona görə də iş məhkəməyə çıxmadan müştəriyə ödəniş olunur. Türkiyədə vəkil xərci çoxdur deyə, müştəriyə pul həmişə vaxtında ödənilir”.
İcbari sığorta haqları ilə bağlı qeyd edək ki, Azərbaycanda avtomobilin mühərrikindən asılı olaraq standart forma müəyyən olunub və bu qaydaya uyğun olaraq vətəndaşlar məcburi sığortaya cəlb olunur. Lakin KASKO sığorta növündə belə deyil.
Könüllü sığorta növündə avtomobilin qiyməti, maşının buraxılış ili və avtomobili idarə edən şəxsin sürücülük stajı nəzərə alınaraq sığorta haqları müəyyən olunur.
Qeyd edək ki, Azərbaycanda minik avtomobillərinin mühərriklərinin həcminə görə fiziki şəxslər üçün icbari sığorta haqqı 50 manatdan başlayır. Hüquqi şəxslər üçün isə 60 manatdan.