Savadsız, qorxaq, tamahkar, xəyanətkar və yalançı: Azərbaycan onlardan qurtuldu

0
427

“Biz bu tarixi yaddan çıxarmamalıyıq və gənclər bu tarixi bilməlidirlər. Bugünkü reallıqları düzgün təhlil etmək, bu reallıqlara düzgün qiymət vermək üçün biz bu acı dövrü yaddan çıxarmamalıyıq. Elə etməliyik ki, gənclər də bunu bilsinlər, hesab etməsinlər ki, bugünkü inkişaf, bugünkü tərəqqi göydən düşüb. Bilsinlər ki, biz buna qanımız, canımız bahasına nail olmuşuq. Biz tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik. Ona görə ki, o rüsvayçı dövr təkrarlanmasın. Bunu deyəndə, əlbəttə ki, mən, ilk növbədə, AXC-Müsavat dövrünü qeyd edirəm”.

Prezident İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxış edərkən belə deyib.

Onun sözlərinə görə, 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı. Azərbaycan əldən gedirdi. Yenicə bərpa edilmiş müstəqillik əldən gedirdi, ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran hökm sürürdü. Ermənilər orada torpaqlarımızı işğal edirdi, Xalq Cəbhəsi isə vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı. Vətəndaş müharibəsi ən ağır müharibədir. Çünki qardaş qanı axıdılır. Ona da getdilər ki, öz laxlamış hakimiyyətlərini qoruya bilsinlər. Görəndə ki, qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə.

“Yalvarırdılar, mən bunun şahidiyəm. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. O vaxt belə cəfəng ifadələr işlədilirdi. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni, Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi”, – İ.Əliyev bəyan edib.

Başqa cür ola da bilməzdi

Yada salın – bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi. İndi bunu təsəvvür etmək çətindir ki, belə yaramaz adamlar Azərbaycana rəhbərlik edirdi. Baş nazir, – o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam baş nazir təyin edildi. Məhz onun dövründə “otkat” sözü bizim lüğətimizə daxil edildi. Gəldi ki, ölkəni talan eləsin, onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin, göndərsin İrana və pul əldə etsin. Bax, bu baş nazir idi. Parlamentin sədri, – o da elmi işçi idi. On bir il aspiranturada oxumuşdu.

İsa Qəmbərin parlament spikeri, Pənah Hüseynin də baş nazir olduğu dönəmləri unutmaq olmur. İsterik İsgəndər Həmidov DİN başçısı, avantürist Rəhim Qazıyev müdafiə naziri idi.

“Təsəvvür edin, on bir il. Dissertasiyanı müdafiə edə bilməmişdi. Rəhmətlik akademik Ziya Bünyadovun onun haqqında dediklərini mən təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bunu özümə rəva bilmirəm”, – dövlət başçısı vurğulayıb.

Uğursuz aspirant, biliksiz, savadsız adam parlamentin sədri oldu. Ondan nə gözləmək olardı? Yaxud da ki, dövlət katibi. İstəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi.

Söhbət hazırda AXCP sədri olan Əli Kərimlidən gedir. Məhz Ə.Kərimli AXCP-nin mərhum sədri və eks-prezident Ə.Elçibəy xəstə olanda və İstanbula müalicəyə yollananda əlaltısı olan jurnalistlər vasitəsilə dövriyyəyə “Elçibəy sifilisə tutulub, bu xəstəliyini müalicə etdirir” kimi eybəcər, əxlaqsız şayiənin yayılmasında suçlanırdı.

İlham Əliyev deyib: “Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə. İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, – özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər? Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır”.

1985-ci ildə Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Çünki həm iqtisadi sahədə durğunluq hökm sürürdü, eyni zamanda, erməni millətçiləri baş qaldırmışdı, həm Dağlıq Qarabağda, həm də respublikamızın digər yerlərində, o cümlədən Sumqayıtda. Ulu öndər Heydər Əliyevin dövründə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti kəskin artmışdır, 2 dəfə artmışdır və azərbaycanlı əhali 30 faizə çatmışdır. Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında məsələ qaldırırdılar. Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı.

Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi. Bildirməliyəm ki, Sovet İttifaqının süquta uğramasının bir neçə səbəbi var. Onların ən başlıcası odur ki, iqtisadi münasibətlər düzgün qurulmamışdı, planlı iqtisadiyyat özünü doğrultmamışdı. Sovet İttifaqının inkişafı 1980-ci illərdə daha çox neft amilinə söykənirdi və neftin qiyməti dünya bazarlarında kəskin düşəndən sonra gəlirlər də azaldı və bu gəlirləri başqa sahələrdən əldə edilən mənfəət hesabına formalaşdırmaq mümkün olmadı. Ona görə əlbəttə ki, iqtisadi amil birinci rol oynayırdı, eyni zamanda, 1985-ci ildən sonra Sovet İttifaqında milli siyasət sahəsində çox kobud səhvlər buraxılmışdı. Sovet İttifaqını böyük, çoxmillətli ölkə kimi ayaqda saxlayan, o cümlədən milli siyasət idi. Müttəfiq respublikalarda yerli milli kadrların qabağa çəkilməsi adi təcrübə idi. 1985-ci ildən sonra bu sahəyə böyük zərbə vuruldu. Biz yaxşı xatırlayırıq ki, o vaxt xüsusilə müsəlman respublikalarına münasibət çox mənfi idi.

Müsəlman respublikalarının rəhbərlərinə qarşı qarayaxma kampaniyaları aparılırdı. Ümumittifaq mətbuatında bu respublikalar haqqında ancaq mənfi materiallar dərc edilirdi. Bu respublikalara mərkəzdən istintaq qrupları göndərilmişdi və elə bir rəy yaradılmışdı ki, Orta Asiya respublikalarında və Azərbaycanda vəziyyət bərbaddır, vəziyyət kritik həddə çatıb və o respublikaları idarə edənlər vəzifə borcunu yerinə yetirə bilmirlər. Əlbəttə ki, hər bir respublikada pozuntular da, nöqsanlar da olmuşdu, ancaq digər respublikalarda da bunlar var idi. Nə üçün bu istintaq qrupları Ermənistana, Gürcüstana, Ukraynaya, Moldovaya və digər respublikalara göndərilmirdi? Ancaq Orta Asiya respublikalarına və Azərbaycana göndərilirdi. Beləliklə, Sovet İttifaqının təməl sütunu olan milli siyasət artıq deformasiyaya uğramışdı.

Eyni zamanda, separatçılara imkan yaradıldı ki, onlar nəinki öz cəfəng fikirlərini səsləndirsinlər, həm də ictimai rəyə təsir etsinlər. O vaxt biz yaxşı xatırlayırıq ki, erməni millətçiləri, o cümlədən cəllad Balayan, Kaputikyan və digərləri azərbaycanlılara qarşı açıq-aydın etnik ayrı-seçkilik toxumları səpirdilər. Ümumittifaq mətbuatında bu barədə açıq söhbət gedirdi və ümumiyyətlə, Azərbaycana qarşı ədalətsiz münasibət göstərilirdi. Bütün bunlar 1987-ci ildən sonra baş vermişdir. Çünki 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Azərbaycan hədəf seçildi. O dövrü təhlil edərkən bir daha görürük ki, bütün bu hadisələr erməni millətçilərinin və onların havadarlarının məkrli planının bir hissəsi idi. Baxın, 1985-ci ildən sonra Heydər Əliyev Qorbaçovun yarıtmaz siyasətinə qarşı açıq şəkildə çıxış etmişdi, buna görə ona qarşı kampaniya başlamışdı, həm mərkəzi mətbuat orqanlarında, həm də ki, Azərbaycanda. Burada da milli satqınlar mərkəzə donoslar yazmağa başlamışdılar. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışdılar.

Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar. Onlar belə cəhdlər edirdilər, amma Heydər Əliyev bunun qarşısını layiqincə alırdı. Yəni, plan onu vəzifədən uzaqlaşdırmaq və bu məqsədlə buradakı yerli satqınlar, xainlər vasitəsilə donos göndərmək, erməni millətçiləri tərəfindən məsələ qaldırmaq idi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz.

Beləliklə, iğtişaş törətmək, hansı ki Sumqayıtda baş verdi və ondan sonra məsələ qaldırmaq ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilmirlər. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir. Bax, plan bundan ibarət idi və əfsuslar olsun ki, bu plan həyata keçdi.

Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdi.

O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş verdi.

İlham Əliyev dünən sakral açıqlama verdi: “Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi”.

Tam dürüst, doğru fikir. Gerçəkdən də, Heydər Əliyev o illərdə hakimiyyətdə olsaydı, Dağlıq Qarabağda erməni separatizmi beşiyindəcə boğulacaqdı.

Ondan sonra bizi yeni, çox ağır sınaq və faciə gözləyirdi – Yanvar faciəsi. Hansı ki, yenə də Qorbaçov öz xalqına qarşı böyük cinayət törədərək dinc əhalini qırdırdı. Yüzdən çox günahsız insan həlak oldu. Azərbaycan xalqının qanı axıdıldı. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi tamamilə iflic vəziyyətdə idi. O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edib hərbi təyyarə ilə Moskvaya qaçdı. Heç bir rəhbər işçi bu qanlı cinayəti qınamadı. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev ona qarşı çox çirkin kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, – mən də onun yanında idim, – öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi. Sovet İttifaqının rəhbərliyini qınadı, onların siyasətini pislədi və uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi.

O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, bir gün Sovet İttifaqı dağılacaq. Yəni, bu addımı atarkən Heydər Əliyev təcrübəli rəhbər kimi bilirdi ki, ona qarşı çox böyük təzyiqlər olacaq və nəinki təzyiqlər, onun hətta həyatı təhlükə altına düşə bilər. Belə də oldu. Sonrakı tarix bunu bir daha göstərdi, onun həbs edilməsi haqqında qərar verildi. Bakıya gəlməli idi, həmin gün onun yaxın tərəfdarı qətlə yetirildi. Ondan sonra onun səfəri təxirə salındı. Sonra Bakıya gəldi. O vaxtkı rəhbərlik ona burada da yaşamağa imkan vermədi, Naxçıvana üz tutdu. Beləliklə, Azərbaycanın yeni dövrü başladı.

Dünən, noyabrın 21-i Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması günü idi.

Çünki o vaxt özünü demokrat adlandıran, hakimiyyəti qanunsuz yollarla zəbt etmiş satqın AXC-Müsavat hakimiyyəti imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin. Vətənpərvər insanlar, Heydər Əliyevi dəstəkləyən insanlar, ziyalılar Naxçıvana gedib soyuq, işıqsız şəraitdə, – hər on dəqiqədən bir işıqlar kəsilirdi, – Yeni Azərbaycan Partiyasını təsis etdilər. Artıq Azərbaycanın yeni dövrü başlamışdır. Məhz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi ucaltdı və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırdı ki, onlar da eyni addımı atsınlar. Onlara hələ bir neçə ay lazım oldu və artıq görəndə ki, Sovet İttifaqı çökür, ondan sonra bunu etdilər.

Nazirlərə fikir verin, kimlər idi?

Müdafiə naziri riyaziyyat müəllimi, savadsızın biri, demaqoq, küçə adamı. Nə ilə yadda qaldı? Şuşanı ermənilərə satdı. O, Şuşanı birinci tərk etdi. Özü demişdi ki, – o kadrlar var, tarix hər şeyi saxlayır, arxivlər var, – Şuşa əldən getsə, başıma güllə vuracağam. Yenə də meydanlarda sülənir, özünü elə aparır ki, guya heç kim bilmir, bunun keçmişi nədir. Bax, belə bir adam Müdafiə naziri ola bilərdimi? Belə bir adam bizim ərazi bütövlüyümüzü qoruya bilərdimi? Mən hələ onun biznes tərəfini demirəm. Burada yığdıqları pulları Moskvaya daşıyırdı. Orada özü üçün böyük biznes qurmuşdu. Lazım olarsa, bu barədə də məlumat veriləcək. Mən 2004-cü ildə onu əfv etdim. Çünki əsaslı olaraq ömürlük cəzaya məhkum edilmişdi. Şuşanı satana qarşı gərək o cəza veriləydi. Bax, ona görə bizim torpaqlarımız işğal altına düşmüşdür. Mən humanistlik göstərdim, onu əfv etdim.

Ondan sonra daxili işlər naziri, nə ilə seçilirdi? Vəzifə sahibi kimi gedib canlı efirdə jurnalisti döymüşdü. Sən bir adi adam kimi əgər kiməsə qarşı nəsə eləsəydin, tutaq ki, sənə toxunublar, mən deyərdim ki, ola bilər, ləyaqətinə toxunub, emosiyalarını cilovlaya bilmir. Vəzifə sahibi ola-ola mühafizəçilərlə gəlib, jurnalisti döyüb və bununla da fərəhlənirdi. Sən gedib doğma rayonunu müdafiə edərdin. Doğulduğun Kəlbəcər əldən gedəndə, işğal altına düşəndə sən nazir idin. Qaçmısan, siçan kimi gizlənməyə deşik axtarmısan. O vaxt Naxçıvana desant göndərirdi və demişdi ki, Heydər Əliyevin başına güllə vuracağam. Naxçıvanlılar ona elə cavab verdilər ki, qorxusundan bilmirdi hara getsin. Oraya desant da getmədi. Ümumiyyətlə, o vaxt orada çevriliş cəhdi olmuşdu. İndi yenə meydanda sülənir, elə bilir ki, hamının yadından çıxıb.

Baş prokuror Gəncədə girov götürülmüşdü, Prezidentə həbs əmri vermişdi. Bu da Baş prokuror. Xarici İşlər naziri. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində nə dediyini heç kim başa düşmürdü. Bax, budur xalq cəbhəsi, müsavat hakimiyyəti. Ona görə biz bu faciəvi vəziyyətlə üzləşmişdik. Əgər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycana gəlməsəydi, Azərbaycan dağılacaqdı. Bunların da hərəsi qaçıb bir yerdə gizlənəcəkdilər, necə ki qaçıb gizlənmişdilər. Beləliklə, bizim müstəqilliyimiz XX əsrin əvvəllərində olduğu kimi yenə də yarımçıq qalacaqdı.

Heydər Əliyevin hakimiyyətə gəlməsi, əlbəttə ki, tarixi hadisədir. Bu gün biz onun yolu ilə gedirik. Onun yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir. Əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.

Heydər Əliyev demişdi: “Bir çox işlər görülüb, amma görə bilmədiyimiz işləri bizim davamçılarımız görəcək”.

Belə də oldu, belə də olacaq.