Sanatoriyalarımızda qiymətlər bir çox ölkələrdən bahadır – ARAŞDIRMA

0
1401

Dünyanın bir sıra ölkələrində müalicə-sağlamlıq turizmi ən perspektivli istiqamətlərdən biri hesab olunur. Müalicəvi əhəmiyyətli mineral və termal sularla zəngin bir ölkə olan Azərbaycanda da turizmin bu növünün inkişafı üçün potensial imkanlar mövcuddur. Belə ki, Azərbaycan ərazisində 1500-dən artıq mineral və termal su mənbələri, müalicəvi əhəmiyyətə malik olan 4 palçıq vulkanı və 1 əsas neft mənbəyi vardır. Təkcə Naxçıvanda 250-dən çox mineral su mənbəyi yerləşir. Bu sulara Sirab, Badamlı və Vayxır kimi suları misal göstərmək olar. Lənkəran və Astara bölgələrində isə 100-dən çox termal su mənbəyi var. Bunlardan İstisu, Daşvənd, Qəriblər kimi sular xüsusilə məşhurdur. Dünyada naftalan neftinin yeganə yatağı Azərbaycanda – Naftalan şəhəri ərazisindədir. SSRİ dövründə naftalan nefti bütün respublika ərazisində məşhur idi. Naftalan şəhəri üçün maraqlı faktlardan biri də burada əsa muzeyinin olması idi. Belə ki, bura əsasına söykənib çətinliklə yeriyərək gələn insanlar müalicə kursundan sonra öz əsasını muzeyə bağışlayır, geriyə sərbəst yeriyərək qayıdırdı.

Ölkədə müalicəvi əhəmiyyətə malik yataqların kifayət qədər olması turizm investorlarının diqqətindən yayınmayıb. Müxtəlif bölgələrdə, xüsusuən müalicəvi su hövzələrinin yerləşdiyi ərazilərdə sanatoriyalar, kurortlar, sağlamlıq-istirahət mərkəzləri yaradılıb. Bəs görəsən, bu sanatoriyalarda vəziyyət turistlərin diqqətini cəlb etmək, Azərbaycanda turizm bazarını stimullaşdırmaq və iqtisadiyyatın bu sektoru üzrə gəlirləri artırmaq baxımından qənaətbəxş hesab oluna bilərmi?

“Report” müalicə turizmi ilə bağlı dünya təcrübəsini, Azərbaycanda müalicə turizmi sahəsindəki ümumi vəziyyəti, bu sahədə mövcud olan problemləri, atılması nəzərdə tutulan addımları, eyni zamanda ölkəmizdəki bir sıra sanatoriyalardakı qiymətləri araşdırıb.

Yerli sanatoriyalarla xarici ölkələrdəki sağlamlıq-istirahət mərkəzlərinin müqayisəsini aparan turizm üzrə ekspert Ülfanə Mahmudovanın bildirdiyinə görə xarici sanatoriyalarda qiymətlər bizdəkindən xeyli ucuzdur:

“Dünyada müalicə turizminin ən çox inkişaf etdiyi ərazilərə misal olaraq Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Çexiya, Sloveniya kimi ölkələri misal göstərə bilərik. Xüsusən Rusiya və Ukraynada müalicə turizmi öndə gedən turizm sektorlarından hesab olunur. Elə bizim yerli turistlərin də müalicə üçün ən çox üz tutduğu ölkələr Rusiya və Ukraynadır. Bu ölkələrin artıq müalicə turizmi sahəsinə geniş sərmayə yatırmağa, özlərini bu sahədə reklam etməyə ehtiyacları yoxdur. Çünki onların bu sahədə tətbiq etdikləri sistem özünü tam doğruldub. Bu ölkələrdə yerləşən sanatoriyalar geniş insan kütləsi tərəfindən sınaqdan keçirilib və özünə lazım olan reklamı toplaya bilib. Xüsusilə həkimlərin xəstələrə göstərdikləri xoş münasibət, dəqiq, diqqətli müayinə və müalicə, müalicəvi suların müsbət təsirləri nəticəsində hazırda bu ölkələr dünyada müalicə turizmi sektorunda qabaqcıl paya sahibdirlər. Həmin ölkələrdəki sanatoriyalarda qiymətlər də bizdəkindən xeyli ucuzdur. Bizdə həm sanatoriyaların sayı azdır, həm də qiymətləri çox bahadır. SSRİ dövründən qalan bəzi azsaylı və ucuz sanatoriyalar var ki, onlarda da xidmət səviyyəsi çox aşağıdır. Bu sahədə ən böyük problemlərimizdən biri isə müalicəvi su hövzələrinin bir otel tərəfindən istismar edilməsidir. Mələsən, bizim “Qalaaltı” sanatoriyası ilə Rusiyanın “Yessentuki” sanatoriyasının müqayisəsini aparaq.

Yessentuki su hövzəsi ümumi bir parkda yaradılıb və onun ətrafında çoxlu sayda müxtəlif səviyyəli sanatoriyalar tikilib. Belə olan təqdirdə, turistlərin də seçim imkanı geniş olur. Rusiyada belə suların əksəriyyəti açıq şəraitdədir, ətrafında tikilmiş otellər də oradan özlərinə su çəkir. İnsanlar həm oteldə qalaraq, həm də yaxınlıqda ev tutaraq gəlib o sudan istifadə edə bilərlər. Qalaaltı suyunun ətrafında isə belə bir seçim imkanımız yoxdur. Orada cəmi bir otel tikilib, o da düz suyun üzərində. Suyun ətrafına başqa yerdən keçid yoxdur, giriş ancaq həmin oteldəndir. Sözügedən otel isə çox bahalıdır, hamının büdcəsinə uyğun deyil. Azərbaycanda da müalicəvi su hövzələri açıq şəraitdə olmalıdır ki, ətrafında bir neçə sanatoriya yaradılsın və lazım olan infrastruktur formalaşsın. Ola bilsin, bizdə bəzi yerlərdə açıq su hövzələri var, amma o sanatoriyalarda da tam mərkəzləşdirilmiş sistem formalaşdırılmayıb”.

Ülfanə MahmudovaTurizm üzrə ekspert Ülfanə Mahmudova

“Elə buna görə də yerli vətəndaşlarımız əksər hallarda xarici ölkələrdəki sanatoriyalara getməyə üstünlük verirlər”.

Ekspert hesab edir ki, Azərbaycandakı sanatoriyalarda xidmətlər barədə məlumatlandırma səviyyəsi çox aşağıdır: “Naftalanda bir neçə sanatoriya yaradılıb. Bu sanatoriyalara Rusiya və Mərkəzi Asiya ərazisindən mütəmadi gələnlər olur. Naxçıvanda yerləşən Duzdağ sanatoriyasında da vəziyyət qənaətbəxş hesab oluna bilər. Ora gedənlərin sayında dinamiklik müşahidə olunur, qiymətləri də çox baha deyil. Masallıda isə müalicə turizmi üçün infrastruktur çox zəif qurulub. Orada xüsusən məlumatlandırma səviyyəsi çox aşağıdır. Ümumiyyətlə, məlumatlandırma səviyyəsinin aşağı olması bizim əksər sanatoriyalar üçün xarakterikdir. Rusiyada, Ukraynada olan sanatoriyalar yerli və xarici turizm şirkətlərinə hazır siyahılar təqdim edirlər. O siyahıda həmin sanatoriyanın müalicəvi əhəmiyyəti, hansı xəstəliklərə faydalı olduğu, sanatoriyadakı yerlər, qiymətlər və digər məqamlar barədə ətraflı məlumatlar qeyd olunur. Bizdə isə bəzi yerlərdə hətta zənglərin cavablandırılması belə düzgün təşkil olunmayıb. Məlumat alınacaq şəxslər bir o qədər professional deyil. Xidmət səviyyəsinin normal təşkil olunduğu yerlərdə isə qiymətlər çox bahadır. Bu isə turistlərə sərf eləmir. Elə buna görə də yerli vətəndaşlarımız əksər hallarda xarici ölkələrdəki sanatoriyalara getməyə üstünlük verirlər. Əsasən, yay aylarında Azərbaycandan xaricə müalicə üçün gedən turistlərin sayı çox olur və biletlərin satışı sürətlənir. Hazırda Ukraynanın Lvov vilayətinə biletlərin qiyməti 500 manatdan yuxarıdı. Çexiyanın bir çox sanatoriyalarına isə yerlərimizin hamısı satılıb”.

Qeyd edək ki, Naftalan ərazisində yerləşən “Kəpəz” sanatoriyasının baş həkimi Könül Aslanovanın “Reporta”a bildirdiyinə görə, əvvəlki illərdə yay mövsümündə Naftalan sanatoriyalarına gələnlərin sayı daha çox olub:

“Bu il sanatoriyamıza gələnlərin sayında azlıq müşahidə edilir. Artıq yayın ikinci ayını baş vurmaq üzrə olsaq da, xəstələrimizin sayı yalnız son iki gündə bir qədər artıb. Tək bizim sanatoriyamıza deyil, bütün Naftalan ərazisinə bu il gəliş az olub. Əvvəlki illərdə yay mövsümündə sanatoriyaya gələnlərin sayı daha çox olurdu. Bu il isə hələ ki, yayda gələnlərin sayı, demək olar ki, qışdakı göstərici ilə eynidir. Qış aylarında gələnlər, adətən, xarici ölkələrin vətəndaşları olur. Yayda isə yerli vətəndaşlar üstünlük təşkil edir. Xarici ölkələrdən sanatoriyamıza gələnlərin çoxu Rusiya və Qazaxıstan vətəndaşlarıdır. Qazaxıstandan gələnlərin böyük əksəriyyətində pisariaz xəstəliyinə təsadüf olunur”.

K.Aslanova eyni zamanda naftalan neftinin faydalarınından danışmaqla yanaşı, neft vannalarının kimlərə zərərli olduğunu da diqqətə çatdırıb:

“Naftalan vannaları, əsasən, oynaq və dəri-zöhrəvi xəstəlikləri, kişi və qadın sonsuzluğunun müalicəsi üçün faydalıdır. Bunlara misal olaraq artrit, poliartirt, artroz, steparoz, pisariaz, varikoz və digər xəstəlikləri misal göstərmək olar. Sanatoriyamızda ən çox müalicə olunan oynaq xəstəliyi artroz, dəri-zöhrəvi xətəliyi isə pisariazdır. Bizdə, demək olar, oynaq xəstəliklərinin hamısı çox yaxşı müalicə olunur və xəstələr də razı qalırlar. Belə olmasa, hər il dünyanın müxtəlif ölkələrindən insanlar bura axışmaz.

Xərçəng xəstələrinə, insult və infarkt keçirmiş xəstələrə, zob xəstəliyi olanlara, yaşı 75-dən yuxarı olan insanlara hər ay mütəmadi olaraq mensturasiya olan qadınlara neft vannası qəbul etmək olmaz. Amma qadın artıq klimaks dövründədirsə ona olar”.

Baş həkimin dediklərinin əksinə olaraq “Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası”nın sədri, turizm üzrə ekspert Ruslan Quliyev isə Naftalana gələnlərin sayının artdığını bildirib:

“Azərbaycanın turizm sektorunda müalicə turizminin payı ildən-ilə artmaqdadır. Bu baxımdan statistik göstəricilərin də müsbət istiqamətdə dəyişməsinin şahidi oluruq. Hazırda müalicə turizminin inkişafı baxımından Naftalan və Abşerondakı sanatoriyaların, Duzdağ, Qalaaltı, İsitsu kimi sağlamlıq-istirahət mərkəzlərinin turizm potensialı yüksək qiymətləndirilir. 80-ci illərdə Naftalanda eyni vaxtda 5000-ə qədər insan müalicə ala bilirdi. Müasir dövrdə bizim hədəfimiz ən azı bu göstəricini təkrarlamaqdır”.

Ruslan Quliyev“Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası”nın sədri, turizm üzrə ekspert Ruslan Quliyev

“Naftalana gələnlər arasında Latın Amerikası və Şimali Amerika ölkələrinin vətəndaşları da nəzərə çarpır”.

“Statistik nəticələrə nəzər salsaq, görərik ki, 2017-2018-ci illərdə Naftalana dünyanın 70-dən artıq ölkəsindən 45 mindən çox turist gəlib. Bu ilin ilk 6 ayında da keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunur. Həmişə olduğu kimi yenə də Naftalana əsas turist axını ardıcıl olaraq Rusiya, Qazaxıstan və Özbəkistandandır. Bununla yanaşı, artıq Naftalana gələnlər arasında Latın Amerikası və Şimali Amerika ölkələrinin vətəndaşları da nəzərə çarpır”, – ekspert əlavə edib.

R.Quliyev Azərbaycanda müalicə turizminin inkişafı ilə bağlı görülmüş işləri də diqqətə çatdırıb:

“Müalicə turizminin üstünlüklərindən biri də onun mövsümi xarakter daşımaması və gecələmə sayının müalicə kursuna uyğun olaraq 12-20 gün olmasıdır. Turizm bu növünün inkişafı istər “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə, istərsə də Turizm Haqqında qanunun müzakirələrində yeni bir kreativ istiqamət kimi müəyyən olunub. Hazırda Azərbaycan özünün müalicə-sağlamlıq turizmi imkanlarının müxtəlif sərgilər, seminarlar, forumlar vasitəsilə dünya miqyasında tanıdılması ilə məşğuldur. 2017-ci ildə İordaniyanın paytaxtı Amman şəhərində keçirilən forumda Azərbaycan “Qlobal Sağlamlıq Turizm Şurası”na vitse-prezidentlik postuna təyin olundu. 2018-ci ilin aprelində isə Türkiyənin Antalya vilayətində Azərbaycan 1 il müddətinə bu şuraya sədr seçildi. 2019-cu ilin aprel ayında isə “Qlobal Sağlamlıq Turizmi” forumu Bakıda keçirildi və sağlamlıq turizmi ilə bağlı Bakı deklarasiyası qəbul olundu.

2016-cı ildə “Qalaaltı” kurortu Avropanın Tarixi Termal Şəhərləri Assosiasiyasına üzv seçilib. 2018-ci ildə Naftalandakı bir sıra sanatoriyalar Avropanın “Europe SPA” təşkilatının beynəlxalq sertifikatına layiq görülüb. Bununla belə, biz hələ ki dünya miqyasında öz müalicə turizmi imkanlarımızı tam arzuedilən şəkildə təbliğ edə bilmirik. Bu sahədə atılacaq addımlar sistemli və ardıcıl xarakter daşımalıdır. Assosiasiya olaraq bu sektorun inkişafı ilə bağlı müvafiq qurumlara bir sıra təkliflər irəli sürmüşük ki, bunlardan biri də sağlamlıq məqsədilə Azərbaycana gələn turistlərə AZAL tərəfindən endirimlərin edilməsi təklifidir”.

Yekun olaraq Azərbaycanda yerləşən bir sıra sanatoriyalardakı otaqların qiymətlərini (müalicə daxil) təqdim edirik. Qeyd edək ki, bu sanatoriyaların əksəriyyətində müalicə paketləri minimum 7 gün üçün nəzərdə tutulub.

“Qaşaltı” sanatoriyası – Naftalan

Naftalan ərazisində yerləşən “Qaşaltı” sanatoriyasında müalicə məqsədilə 1 həftədən az qalmaq mümkün deyil. Burada bir nəfər üçün bir otağın həftəlik qiyməti 1001 manat, iki nəfər üçün isə 1368 manatdır. Qiymətlərə gün ərzində 3 dəfə qidalanma, həkim müayinəsi, qan, sidik, rentgen analizləri, fizioterapiya, naftalan vannası, fitness və SPA xidmətləri daxildir.

“Qarabağ” sanatoriyası – Naftalan

Naftalanda yerləşən bu sanatoriyada bir nəfər üçün həftəlik 1253 manat, iki nəfər üçün 1673 manat ödəniş etmək tələb olunur. Qiymətlərə gündə 3 dəfə qidalanma, naftalan vannaları, fizioerapiya, hidromasaj, inqalyatsiya, fitness və SPA xidmətləri daxildir. Sanatoriyada müalicə məqsədi ilə ən az qalmaq müddəti 1 həftə olmalıdır.

“Çinar” sanatoriyası – Naftalan

Bu sanatoriyada 1 həftə qalmaq üçün 1 nəfərlik standart otağın qiyməti 896 manatdır. İki nəfər üçün isə qiymət 1498 manat nəzərdə tutulub. Bu qiymətlərə gündə 3 dəfə yemək verilməsi, check-up müayinə, USM, rentgen analizi, ürəyin kardioqrama edilməsi, naftalan, yod, bron vannaları, türk hamamı, fitness və SPA xidmətləri daxildir. Bu sanatoriyada da müalicə məqsədilə minimum bir həftə qalmaq mümkündür.

“Qalaaltı” sanatoriyası – Şabran

“Qalaaltı” sanatoriyasında otaqların həftəlik qiymətləri gündə 3 dəfə qidalanma, müayinə, müalicə, fitness və SPA xidmətləri də daxil olmaqla bir nəfər üçün 1715 manat, iki nəfər üçün isə 2030 manatdır. Sanatoriyada müalicə məqsədilə ən az qalmaq müddəti 1 həftədir.

“Duzdağ” sanatoriyası – Naxçıvan

Naxçıvandakı “Duzdağ” oteldə bir həftə qalmaq üçün bir nəfərlik otağın qiyməti 630 manat, iki nəfərlik otağın qiyməti isə 980 manat təşkil edir. Bura eyni zamanda gün ərzində 3 dəfə qidalanma, hava limanından qarşılama və yola salma, oteldən duz dağına maşınla aparılıb-gətirilmə də daxildir. ”Duzdağ” sanatoriyasında müalicə məqsədilə 1 həftədən az qalmaq olmaz.

“Bilgəh” sanatoriyası – Bilgəh

Sanatoriyada müalicə üçün minimum qalmaq müddəti 10 gündür. Bu müddətə uyğun standart otağın qiyməti bir nəfər üçün 877 manat, iki nəfər üçün isə 1710 manatdır. Qiymətlərə gündə 3 dəfə qidalanma, müayinə, fizioterapiya, yod-brom vannaları, masaj, naftalan və parafinlə müalicə, müalicəvi bədən tərbiyəsi, psixoterapiya, müalicəvi gimnastika, sualtı duş-masaj da daxildir.

“İstisu Fatimeyi-Zəhra” sanatoriyası – Masallı

Masallıda yerləşən bu sanatoriyada bir nəfər üçün katejlərin bir günlük qiyməti 40 manatdır, iki nəfər üçün 80 manatdır. Bu qiymətlərə gündəlik 3 dəfə qida verilməsi, həkim müayinəsi, masaj, isti su vannası da daxildir.

“Günəşli” nevroloji sanatoriyası – Mərdəkan

Mərdəkan qəsəbəsindəki “Günəşli” sanatoriyasında ən azı 10 gün qalmaq şərtilə bir nəfərlik otağın qiyməti 505 manat, iki nəfərlik otağın qiyməti isə 462,6 manatdır. Bu məbləğə həmçinin müayinə, təbii yod borm-vannaları da daxil olmaqla balneoloji müalicə, mastika yaxmaları, palçıqla müalicə, masaj, müalicəvi bədən tərbiyəsi, psixoterapiya, aromaterapiya, sualtı duş-masaj, sualtı dartılma üçün müalicəvi hovuz da daxildir.