Salyanda, Kür çayı üzərində “Alman körpüsü”-FOTO

0
539

Ələt-Astara magistral yolunun Salyan rayonunun Aşağı Kürkənd kənd ərazisindən keçən hissəsində Kür çayı üzərində tikilən dövlət əhəmiyyətli bu körpü öz möhtəşəmliyi ilə seçilir. Ümumi uzunluğu 360, eni isə 7,5 metr olan körpü düz 71 il bundan öncə tikilərək istifadəyə verilib. Yaşlıların dediyinə görə, körpü olmamışdan qabaq çayı pantonlara quraşdırılmış bərələr vasitəsi ilə keçmək mümkün idi. Cənub bölgəsinə də getmək üçün həmin bərələrdən istifadə olunurdu. Bu da uzun növbələrin yaranmasına gətirib çıxarırdı. Belə bir vaxtda Kür çayı üzərində körpünün tikilməsi zərurəti yaranır.

İkinci Dünya müharibəsi qələbə ilə sona çatdıqdan sonra  Kürün meyilliliyi daha çox olan ərazidə körpünün tikintisinə başlanılır. Tikintiyə rəhbərlik  Uzaq Şərq körpü-tikinti idarəsinin mühəndisi, mayor Florova tapşırılır.  Tikinti zamanı alman əsirlərindən də istifadə olunur.
Tədqiqatçı-jurnalist Fəxrəddin Fərzəliyevin bildirdiyinə görə, 1943-cü ildə Stalinqrad uğrunda gedən döyüşlərdə 100 minə yaxın əsir götürülmüş alman əsgər və zabitlərinin müəyyən hissəsi Salyandakı hərbi əsir düşərgələrində yerləşdirilib. Tikintiyə məhz həmin alman əsirlər çəlb olunub. Onların arasında hərbi tribunalın qərarı ilə 25 il azadlıqdan məhrum edilən, Bavariyada körpü üzrə mühəndislik təhsili almış Alfred Riskop adlı gənc alman da olub. Əsir olmalarına baxmayaraq, körpünün tikintisi zamanı alman dəqiqliyini yaddan çıxarmırlar.
Körpünün küləkli havada əsməsinin, rezonans hadisəsinin qarşısını almaqdan ötrü üzərində dəmir konstruksiyalı fermalar quraşdırılırılır. Altı dayaqdan ibarət olan körpünün 1946-cı ilin mayında tikintisi başa çatır. 1948-ci ildə isə Azərbaycan Nazirlər Soveti sədrinin, Xalq şairi Səməd Vurğunun, rus generallarının və digər yüksək rütbəli məmurların iştirak etdiyi açılış mərasimində etibarlılığı yoxlanılması üçün bir dəstə alman əsri körpü altında saxlanılaraq üzərindən ağır texnikalar keçirilib. Beləliklə, körpünün dayanıqlı olduğuna əminlik yaranıb.
Jurnalist-tədqiqatçının sözlərinə görə, körpü tikilərkən onun giriş və çıxış hissəsində iki cüt şir heykəli də qoyulub. Bu da körpüyə möhtəşəmlik gətirirmiş. 1965-ci ildə SSRİ rəhbərliyində təmsil olunan Mikoyan Cənub bölgəsinə gedən zaman körpü üzərindəki şir heykəllərini görür. Şirlərin İran Dövlətinin rəmzi olduğuna işarə edərək dərhal götürülməsi əmrini verir.  Heykəllər götürülür. Bu günün özündə də o vaxt körpünün giriş və çıxış hissəsinə qoyulmuş şir heykəllərinin aqibətindən belə xəbər yoxdur.
Salyanın simvoluna çevrilən, əvvəllər el arasında “alman körpüsü”, sonralar isə “Salyan körpüsü” kimi tanınan Kür çayı üzərindəki bu möhtəşəm tikili ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində  yararsız hala düşür. 1992-ci ildə körpüdən istifadə edilməsinə qadağa qoyulur.
Hazırda alternativ tikilmiş yeni körpüdən istifadə olunur. Tikinti mütəxəssislərinin qənaətinə görə, alman əsirlərinin tikdiyi körpünün dayaqları və dəmir konstruksiyaları olduqca etibarlıdır. Əgər şpaldan olan üst qatı təmir edilərsə, almanların tikdiyi bu körpüdən hələ uzun illər də istifadə etmək mümkündür.