Salyanda istixana təsərrüfatından reportaj – FOTO

0
423

CƏMİYYƏT

“Pomidor əkini gəlirli olsa da, əziyyəti də çoxdur”

 

Dövlətin fermerlərə göstərdiyi dəstək torpaq sahiblərini məhsul bolluğu yaratmağa daha da həvəsləndirib. Bu həvəs xüsusilə istixana şəraitində yetişdirilən pomidor məhsulunda özünü göstərir. Belə ki, artıq fərdi ailə təsərrüfatları da bu sahəni genişləndirməyə maraq göstərirlər.

Salyanın Yenikənd kəndində yaşayan Əliyevlər ailəsi 12 ildir pomidor əkini ilə məşğuldur. 2019-cu ilin məhsuldarlığından razı qalan ailə bu il də yenidən pomidor əkini aparıblar. Amma təsərrüfat sahibi Dilbər xanım bu işin əziyyətli olduğunu deyir: “Pomidor əkini gəlirli işdir, bizim özümüzün də bu sahəyə marağımız var. Lakin əziyyəti də çoxdur. İstixanada yaxşı şərait yaratdıqdan sonra bol məhsul götürmək mümkündür. Çox şükür Allaha, bu il məhsuldarlıq boldur. Satışı da yaxşıdır. Alıcı sarıdan korluq çəkmirik. Həm elə qapımızdan alıb Rusiyaya aparırlar, həm də yol kənarlarında satırıq. Yerli bazarda da alıcısı olur”.

On beş sot istixana ərazisində becərilən pomidor şitilləri damcı üsulu ilə suvarılır. Əkin aparılarkən bütün aqrotexniki qaydalara riayət olunub. Bu da məhsulun bol olması ilə nəticələnib. İstixanada bu il ilk dəfə olaraq yeni sort becərilir. Bu sort uzunömürlüdür. “İndi regionlarda müxtəlif pomidor sortları yetişdirilir. Biz “Berberana” sortu yetişdiririk. Əkdiyimiz bu pomidor sortunu vaxtında suvarırıq. Digər sortları saxlamaq və satmaq çətin başa gəlirdi. Həm də əvvəllər istifadə etdiyimiz “Arletta” sortunun alıcısı da az olurdu. “Berberana” sortu bir həftə ərzində yığmasan da xarab olmur. Hətta tağlarda 10 gün müddətində saxlamaq mümkündür. Bu, fermer üçün əsasdır. Ziyana düşməyək deyə, bu sortu əkmişik. Allah bərəkət versin, bütün budaqların üstü pomidorla doludur”, – deyə ailə üzvü Aqil Əliyev bildirib.

Hazırda Salyan rayonunda 138 hektar ərazidə 473 istixana mövcuddur. Ötən il bu istixanalardan 10 min tondan çox pomidor istehsal edilərək yerli və xarici bazarlara çıxarılıb.