“Yenidən bu posta seçilməyim münasibəti ilə Prezident İlham Əliyevə, Çingiz Hüseynzadəyə, mənə etimad göstərən idmançılara təşəkkürümü bildirirəm. Növbəti 5 ildə də həndbolun inkişafı üçün əlimdən gələni edəcəyəm”.
Bunu yenidən Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilən Saleh Məmmədov deyib.
O, federasiyanın baş katibi Yusif Atakişiyevdən narazı qalan həndbolçuların qovulmasından danışıb:
“Ümumiyyətlə, Azərbaycanda ilk həndbol komandası 1955-ci ildə yaradılıb. Bu, hərbçilər arasında olub. 1963-cü ilədək qadın həndbolu bizdə olmayıb. Hazırda isə 6 kişi komandası bizdə fəaliyyət göstərir. Narazılığa gəlincə, 14 yox, 6 idmançı təcrid olunub. Onlar da peşəkar idmançılar deyillər. Federasiyanın Şura üzvləri onları yaş limitinə görə uzaqlaşdırıb. Bu idmançılardan heç biri şəxsən mənə müraciət etməyib. Əgər həvəsləri varsa, mənə müraciət edə, onları işlə təmin edə bilərik”.
O, 2020-ci ildən keçirilməyən həndbol üzrə Azərbaycan çempionatının bərpası barədə bunları deyib:
“Həndbol üzrə Azərbaycan çempionatının bərpası pandemiya ilə bağlıdır. Əgər qərar çıxarılsa ki, oyunların keçirilməsi üçün heç bir təhlükə yoxdur, o zaman biz bu yarışı keçirəcəyik”.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Agentliyinin İdarə Heyətinin sədri olan Saleh Məmmədov bu federasiyaya 2016-cı ilin sonlarından rəhbərlik edir.