Şair Ramaldanov: “Rusiya sülhməramlıları erməni silahlı birləşmələrinin təhlükəsizliyini təmin edirlər”

0
196

“Ərazi bütövlüyümüzü bərpa etməyimizdən iki il keçməsinə baxmayaraq, Paşinyan hələ də Qarabağla bağlı oradakı separatçılar səbəbilə müəyyən təsir imkanlarına malikdir. Aparıcı səbəb kimi isə separatçı rejimin orada fəaliyyət göstərməsinə Rusiya sülhməramlı qüvvələrinin qol çəkməsini göstərə bilərik. Rusiya sülhməramlılarının bugünkü fəaliyyəti mandatı ilə örtüşmür, kənara çıxır. Üçtərəfli Bəyanatın dördüncü bəndi dərhal yerinə yetirilməli, qanunsuz silahlı birləşmələr zərərsizləşdirilməlidir”.

Bu fikirləri açıqlamasında hərbi ekspert Şair Ramaldanov səsləndirib. O qeyd edib ki, Üçtərəfli Bəyanatın doqquz bəndi indiyədək normal icra olunsaydı, cəmiyyətimizdə narahatlıq olmazdı, həm də artıq Azərbaycan – Ermənistan münasibətləri başqa bir prizmadan dəyərləndirilərdi:

“Bəndlərə əməl edilməsi regionda sülhün bundan sonra davamlı olacağınının qarantı olacaqdı. Prezidentin də dediyi kimi, bizim sözümüz imzamız kimi etibarlıdır. Ancaq təəssüf ki, Ermənistan və havadarlarının, o cümlədən də Rusiyanın mövqeyi hələ də etibarlı görünmür. 

Azərbaycan ərazisində Rusiya sülhməramlı qüvvələrinin xidmətinin hansı kontekstdə olacağı Azərbaycanla əvvəlcədən razılaşdırılıb. Ona görə də hazırda onların xidmət etdiyi ərazilərdə ermənilərin hələ də tərksilah edilməməsi və üstəlik, ermənilərə silah daşınması, nəticədə mütəmadi olaraq atəşkəsin pozulması bizi narahat etməyə bilməz. Sülhməramlılar ərazidə sülhün bərqərar edilməsinə çalışmalı və beş il ərzində Azərbaycan ərazisində yaşayacaq ermənilərlə azərbaycanlıların müəyyən inteqrasiyasına nail olmalıydı, amma reallıqda başqa mənzərə ilə üz-üzəyik. Bu gün Rusiya sülhməramlıları həm ərazidəki erməni silahlı birləşmələrinin təhlükəsizliyini təmin edir, həm də əsassız şəkildə vətəndaşlarımız saydığımız ermənilərin kompakt yaşadığı ərazidə bizə qarşı təbliğat aparır, Azərbaycanın onlara təhlükə yaradacağına dair fikirlər səsləndirirlər”.

Ekspert hesab edir ki, sülhməramlılar Qarabağda daha çox inamsızlıq toxumu səpir:

“Ərazilərə ermənilərin minalar basdırması bizim gözümüzdən qaçmır. Laçın dəhlizindən Azərbaycan ərazisinə sülhməramlı qüvvələrin döyüş texnikalarının keçirilməsinə şərait yaratdığına dair məlumatlar var. Bunlar Azərbaycan maraqlarına ziddir. Dövlətimiz bununla bağlı sərt mövqeyini bildirib”.

Müsahibimiz vurğulayıb ki, atəşkəsin dəfələrlə sərt şəkildə pozulmasını Azərbaycanın səbrini sınamaq kimi qiymətləndirmək olar:

“Hazırda vəziyyət elə də ürəkaçan deyil. Münaqişənin alovlanması və stabilliyin pozulmasında maraqlı olan oyunçular peyda olub. Bu gün Azərbaycan ərazidə hansısa aktiv əməliyyat aparsa, sülhməramlılarla üz-üzə gəlməli olacaq. Ermənilərin arzuladığı da odur ki, Azərbaycan-Rusiya münasibətləri pozulsun. 

Azərbaycan tərəfi məsələni ortaya nə qədər ciddi qoysa da, biz görürük ki, nə Ermənistan, nə də Rusiya bunu düzgün qiymətləndirir. Zaman isə bizim lehimizə işləmir. Vəziyyətin belə davam etməsinə imkan vermək olmaz. Dördüncü bənd nəyin hesabına olur olsun, icra edilməlidir. Qarabağ beynəlxalq aləmdə də Azərbaycan ərazisi kimi tanınır, ərazidə Azərbaycana tabe olmayan silahlı qruplar isə qanunsuz sayılır. Düşünürəm ki, Azərbaycan tərəfi məcbur olub xəbərdarlığını edəcək və müəyyən bir vaxt qoyacaq”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Qarabağda Rusiya sülhməramlıları 26 postda fəaliyyət göstərir, qalan ərazilərdə isə ermənilər terrorçu fəaliyyəti ilə məşğuldurlar:

“Düşünürəm ki, Rusiya sülhməramlılarının yerləşdiyi ərazi istisna olmaqla digər ərazilərdə müəyyən antiterror əməliyyatı apararaq onları darmadağın etmək lazımdır. Bu yolla tərksilah etmiş olarıq. Ancaq nəzərə almalıyıq ki, Rusiyanın sülhməramlı qüvvələrinin peşəkar heyəti Ukraynaya göndərilib. Bəzi məlumatlara görə, hətta onların yerini qanunsuz erməni silahlı birləşmələri və Ermənistandan gətirilən qüvvələr doldurur. Ona görə də əgər Rusiya sülhməramlıları dördüncü bəndi yerinə yetirmək istəməsə, separatçıların silahlanmasına şərait yaratsa, istisna deyil ki, Azərbaycan özü işə əl atsın və antiterror əməliyyatına başlasın. Dəyişiklik olmazsa, Laçın dəhlizi bağlanmalı və bütün yollar hədəfə alınmalı, legitim hərbi obyektlər məhv edilməlidir. Fikrimcə, bütün danışıqlar bu istiqamətdə gedir”. 

Sayad Həsənli