Şair-publisist Sevindik Nəsiboğlunun növbəti kitabı Ulu Öndərə həsr olunub…

0
272



15 dekabr 2023-cü ildə “Zəfər Yolu” İctimai Birliyinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində məktəbli şair-publisist, 15 yaşlı gənc yazar, 7 kitab müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sevindik Nəsiboğlunun Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyi “Ulu Öndərin işığında” adlı kitabının təqdimatı keçirildi. Kitab təqdimatına incəsənət xadimləri və ictimai xadimlər, respublikamızın ədəbiyyat və jurnalistikasının parlaq simaları, ziyalılar, müharibə iştirakçıları və s. iştirakçılar qatılmışdılar. Tədbirin aparıcılığını sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, aktrisa Zülfiyyə Eldarqızı etmişdir. Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra isə tədbir iştirakçıları Ulu Öndərimizin və Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra isə Zülfiyyə Eldarqızı tədbiri açıq elan edərək ilk sözü filologiya elmləri doktoru, professor Asif Rüstəmliyə verdi. Asif Rüstəmli çıxışında Sevindik Nəsiboğlunun yaradıcılığından geniş söz açaraq onun ədəbiyyat sahəsinə gəlişi, ilk kitablarının çap edilməsi və s. haqqında məlumat verdi, həmçinin yaradıcılığa uşaq yaşlarından başlayan ədiblərimizdən misallar çəkdi və müəllifə uğurlar arzuladı. “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Salmanqızı çıxışında müəllif və onun növbəti kitabı ilə bağlı qiymətli fikir bildirərək “Heydər Əliyev ili”ndə çap edilən və təqdimatı keçirilən “Ulu Öndərin işığında” kitabının əhəmiyyətini vurğuladı. Pərvanə xanım gənc yazarın Cənab Prezidentimiz İlham Əliyevə həsr etdiyi “Ulu Öndər yadigarı” adlı şeirini söyləyərək çıxışını sonlandırdı. “Tərəqqi” medallı yazıçı-publisist Nəzakət Əhmədova-Kərimova da çıxışında müəlliflə bağlı xoş fikirlərini tədbir iştirakçılarına çatdıraraq onun yaradıcılıq yolundan söz açdı. Həmçinin onun İki ay öncə “Azərbaycan Kütləvi İnforma­siya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Ulu öndər Heydər Əliyev siyasətinin təbliğində səmərəli fəaliyyətinə görə” me­dalı ilə təltif olunduğunu qeyd etdi. Müəllifin 8 noyabr 2020-ci ildə Cənab Prezidentimiz İlham Əliyevin Şuşanın azad olunmasını Ulu Öndərimizin məzarı başında raport verdiyi anlardan təsirlənərək yazdığı “Ata, ruhun şad oldu!” adlı şeirini səsləndirdi. Nəzakət xanım sonda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Ruhiyyə xanım Poladovayla birgə gənc müəllifə sözügedən qurumun Gənclər Təşkilatının sədr müavinliyi vəsiqəsini təqdim etdi. Ruhiyyə xanım qısa çıxışında Sevindik Nəsiboğlunun yaşıdlarına və Azərbaycan gənclərinə nümunə olduğunu bildirdi və gənc müəllifi bir daha təbrik etdi. “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva çıxışında “Carçı” jurnalında Sevindik Nəsiboğluna da yer verdiyini, onun “Heydər Əliyev və Azərbaycan dili” məqaləsinin jurnalda dərc edildiyini və bir çox ictimai xadim tərəfindən maraqla qarşılandığını dilə gətirdi. O, “Carçı” jurnalının Ulu Öndərimizə həsr olunan daha bir buraxılışında da müəllifə yer verdiyini bildirərək jurnalın sözügedən buraxılışını gənc yazara təqdim etdi. C.Novruz MM-nin əməkdaşı, “Gün az” saytının redaktoru Rəsmiyyə Heybətağaqızı gənc müəllifin gələcəyinə inamla dolu fikirlərlə çıxış edərək Sevindik Nəsiboğlunun lokal antiterror əməliyyatlarında şəhid olan, anasız böyümüş şəhid əsgər Cavid Cavanşir oğlu Zülfüqarova həsr etdiyi “Qarşıla məni, ana!” şeirini səsləndirdi. Şair-publisist, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və həmçinin “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac çıxışında Sevindik Nəsiboğlunun “Yazarlar” jurnalı ilə səmərəli əməkdaşlığından danışdı. Peşəkar ədəbiyyat xadimi kimi gənc müəllifə dəyərli məsləhətlər və nəsihətlər verərək ona yaradıcılıq uğurları arzuladı. Zaur Ustac sonda Sevindik Nəsiboğlunu İsa Muğanna mükafatı ilə təltif etdi.
“Zirvə” İslahatlara Dəstək Mərkəzi İB sədri Elçin Axundzadə çıxışında Ulu Öndər Heydər Əliyevin dühasından söhbət açdı və Vətən müharibəsindəki şanlı qələbəmizlə lokal xarakterli antiterror əməliyyatlarında qazandığımız parlaq zəfərin fonunda Cənab Prezidentimiz İlham Əliyevin Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olduğunu bildirdi. Elçin müəllim sonda müəllifə yaradıcılıq uğurları arzuladı. Tədbirdə müəllifin sayca 7-ci kitabı olan və təqdimatının keçirildiyi “Ulu Öndərin işığında” kitabı ilə bağlı slayd yer aldı. Müharibə veteranı olan İsa Musayev də çıxışında gənc şairimizə yaradıcılıq tövsiyələri verərək ona yeni-yeni uğurlar arzuladı. Çıxış üçün söz gənc müəllifin atası, istefada olan polis polkovniki, Vəkillər Kollegiyasının üzvü Nəsib Əliyevə verildi. Nəsib Əliyev gənc müəllifin kitabı araya-ərsəyə gətirmə prosesindən söhbət açdı və Ulu Öndərimizin gənclər üçün, Azərbaycan gəncliyi üçün çalışdığını bir daha vurğuladı. Nəsib Əliyev Azərbaycandan olan fəhlə-kəndli ailələrindən birinin gənc üzvü olaraq 1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin SSRİ məkanında təşəbbüsü nəticəsində Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsində oxuduğunu və bunun üçün Ulu Öndərimizə borclu olduğunu söylədi. Nəsib Əliyevin universitet yoldaşı, sabiq prokurorluq işçisi, Vəkillər Kollegiyasının üzvü Allahverdi Səfərov da yaxından tanıdığı gənc şairi və onun yaradıcılıq yolunu bir daha dəyərləndirdi və uşaq yaşlarından onun yaradıcılığa, ədəbiyyata və Ulu Öndərimizin irsinə maraqla, həvəslə yanaşdığından söhbət açdı.
Sonda söz “Ulu Öndərin işığında” kitabının müəllifi Sevindik Nəsiboğluna verildi. Sevindik Nəsiboğlu kitabı haqqında ətraflı məlumat verərək bildirdi ki, “Ulu Öndərin işığında” kitabının Lənkəran şəhər 5 saylı tam orta məktəbində təqdimatı olmuşdur. Kitab Azərbaycanın Milli Kitabxanasına, Prezident Kitabxanasına və Bakı Kitab Mərkəzinə təqdim olunmuşdur. Azərbaycan Milli Kitabxanasının “2023 – Heydər Əliyev ili” sərgisində “Ulu Öndərin işığında” adlı kitabı da sərgilənmişdir. Gənc müəllif tədbirin bütün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Sonda gənc yazar kitabının nüsxələrini imzalayaraq oxucularına təqdim etdi və tədbir iştirakçıları ilə xatirə fotoşəkli çəkdirdi.
Tədbirdə ümumi olaraq “Ulu Öndərin işığında” kitabı 15 yaşlı müəllifin Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə verdiyi ən böyük töhfə olaraq qiymətləndirildi.
 Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabının annotasiyasını izləyicilərimizə təqdim edirik:
“Tanınmış şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabı Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli Liderimizin həyat yolundan, Vətən naminə apardığı mübarizələrdən bəhs olunur. İstedadlı müəllif kimi tanınan 15 yaşlı Sevindik Nəsiboğlunun oxuculara təqdim olunan yeni kitabının əsas məziyyəti lider-xalq, lider-vətən münasibətlərinə sevgi ilə güzgü tutmasıdır. İnanırıq ki, kitab oxucuların marağına səbəb olacaq”.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA,

AJB-NİN ÜZVÜ, “YAZARLAR” JURNALININ ƏMƏKDAŞI, DAMM VƏ SİM İB-İN FƏXRİ ÜZVÜ