Şahmatçımız erməni ilə qarşılaşacaq

0
295

Bu gün Polşanın paytaxtı Varşavada şahmatın rapid və blits növləri üzrə dünya çempionatına start veriləcək.

Yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edəcək. Dekabrın 30-dək davam edəcək mundialın ilk 3 günündə rapid üzrə mübarizə baş tutacaq. Kişilər 13, qadınlar 11 turun nəticəsinə əsasən qalibi müəyyənləşdirəcək. İlk gündə kişilərdə 5, qadınlarda 4 tur oynanılacaq.

Artıq yarışın püşkü atılıb və ilk turda üz-üzə gələcək zəka sahibləri müəyyənləşib. Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov polşalı Pavel Çarnota, Rauf Məmmədov hindistanlı Harşa Bharatakoti, Vasif Durarbəyli fransalı Maksim Vaşye-Laqrav, Vüqar Əsədli niderlandlı Yorden van Forest, Məhəmməd Muradlı macarıstanlı Adam Kozak, Aydın Süleymanlı serbiyalı Aleksandar İnciç, Xəzər Babazadə isə rusiyalı Mixail Kobaliya ilə qarşılaşacaq

Qadınlardan Zeynəb Məmmədyarova, Xanım Balacayeva və Gövhər Beydullayeva, müvafiq olaraq, Rusiya şahmatçıları Valentina Qunina, Olqa Girya və Leya Garifullinanı, Gülnar Məmmədova norveçli Olqa Doljikovanı, Türkan Məmmədyarova isə Niderlandı təmsil erməni qrossmeyster Anna-Mayya Kazaryanı sınağa çəkəcək.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatının ümumi mükafat fondu 1 000 0000 ABŞ dolları təşkil edir. Kişilərin yarışında qalib 60 000 ABŞ dolları, qadınların mübarizəsində ilk yeri tutan şahmatçı isə 40 000 dollar qazanacaq.