Şahin Rəhmanlı: “Bu gün ən şərəfli ad olan qazi və şəhid adını gənclərimiz daşıyır”

0
213

1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət və qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. 1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev fevralın 2-nin Azərbaycanda Gənclər Günü elan edilməsi barədə Sərəncam imzaladı. Həmin vaxtdan etibarən fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başladı.

Bunu açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı söyləyib.

O qeyd edib ki, 2 fevral ulu öndər Heydər Əliyev tərəfindən gənclərə hədiyyə edilməklə yanaşı, eyni zamanda onların üzərinə böyük bir məsuliyyət qoydu: daha çox çalışmaq, daha çox oxumaq, daha sağlam olmaq, üstün bilik və bacarıqlara yiyələnmək, vətənini, ailəsini, millətini sevmək və vaxtı gələndə torpaqlarını yağı düşməndən azad edəcək qədər güclü və cəsarətli olmaq. Həmin dövrlərdə uşaq olanlar məhz bu dəyərlərlə tərbiyə olunaraq hər biri bir əsgərə çevrildi və əmr gələndə düşünmədən, qorxmadan, arxasına belə baxmadan irəli getdi, millətimiz də arxasından gəldi. 44 günlük Vətən müharibəsində xalqımızın hər bir nümayəndəsi – yaşlısı, qadını, uşağı sanki bir əsgər idi. Lakin gənclərimiz bu müqəddəs məsələdə xüsusi paya sahib idi. Düşmən gülləsinə qarşı cəsarətlə yeriyən əsgərimiz Ali Baş Komandanın rəhbərliyi ilə Zəfəri qazandı. Bu bir daha sübut edir ki, birliyimiz, vətənpərvərlik tərbiyəsi, xalqına, dövlətinə inam nə qədər vacib, nə qədər önəmlidir.

“İrəli” İctimai Birliyinin sədri qeyd edib ki, “Gənclər birliyimizin, gələcəyimizin təminatıdır. Bizim gənclərimiz, ağlını, ruhunu, istedadını, bacarığını, bu günü və gələcəyini öz ölkəsinə xidmət etməyi təməl hədəf görən, mənsubu olduğu millətin dəyərləri ilə zirehlənmiş bir vətənpərvərlik abidəsidir. Onlar hər bir sahədə yaxşı şəkildə yetişir. Milli-mənəvi dəyərlərimizə, tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə sahib çıxır. Ailəsinə və mənsubu olduğu millətimizə layiq olmaq üçün durmadan çalışır. Bu gün ən şərəfli ad olan qazi və şəhid adını gənclərimiz şərəflə daşıyır. Bu onlara olan inamı, etimadı və hörməti artırır.

Prezident İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” sözləri gənclərə və Dövlət Gənclər Siyasətinə olan diqqətin göstəricisi sayılmaqla bərabər, həm də gənclərin hərəkətverici bir qüvvəsinə çevrilib. Hazırda ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, onlar sosial həyatın bütün sahələrində çoxluq təşkil edirlər. Qazanılan bir çox uğurlarda gənclərin adını görməmək mümkün deyil.“İrəli” İctimai Birliyi komandası olaraq biz də “Dövlət Gənclər Siyasəti”ni rəhbər tutur, hər zaman gənclərimizin daha bacarıqlı, peşəkar, vətənpərvər, yeniliyə açıq, dəyərlərinə sadiq şəkildə formalaşması, onların hərtərəfli inkişafı üçün durmadan irimiqyaslı tədbir və proqramlar həyata keçiririk. Gənclər Günü də gənclərin bayramı olduğu üçün, hər il bu günü xüsusi təntənə ilə qeyd edirik. Bu il də xüsusi tədbirlərimiz nəzərdə tutulub. 2022-ci il yeni başlamasına rəğmən artıq “İrəli”nin cari il üçün fəaliyyət planı hazırdır. Buradan gənclərimizə səslənir, builki tədbirlərimizdə daha da aktiv iştiraka dəvət edirəm”.