Şahin Bağırov tapşırıq verdi, yoxlama aparıldı: Polkovnikin işində nöqsanlar aşkarlandı

0
173

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ixtisaslaşdırılmış Hava Nəqliyyatında Baş Gömrük İdarəsində yoxlamalar keçirilib.

Bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov ciddi tapşırıq verib.

Baş İdarə rəisi, polkovnik Mehman Sadıqovun rəhbərlik etdiyi dövr təftiş edilib. Aparılan araşdırma zamanı məlum olub ki, bir sıra karqo məhsullarının gömrükdən yayınma halları var.

Pozuntulara görə İdarənin xeyli sayda əməkdaşına töhmət verilib və xəbərdarlıqlar edilib. Mehman Sadıqova isə nöqsanların aradan qaldırılması üçün vaxt verilib.

Qeyd edək ki, Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvar ayının 1-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Güclü maddi imkanlara malik olan polkovnik daha öncə Tovuz Gömrük İdarəsinin sədri və Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib.