Sahil Babayev Şuşadakı döyüşçünün pulunu vermir-Video

0
565

Biri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə desin ki, bu qədər də olmaz. İnsaf da yaxşı şeydir. Hamını süründürməyi başa düşdük, daha Şuşa döyüşlərinin igidini, ailəsini çörəksiz qoymaq nədir?!

Reportyor.info xəbər verir ki, barıt qoxusu çəkilməmiş, şəhidlərimizin qanı hələ qurumamış nazirin yarıtmaz fəaliyyəti hər addımda öz nəticəsini göstərməkdədir. Təqdim edəcəyimiz fakta heç bir şərh vermək olmur. Tamamilə rəzalətdir. S.Babayevin, DSMF-nin və yerlərdə təyin etdiyi kadrların dövlətə qarşı niyyəti nədir?

Nazir nə üçün narazılıq yaradır? Niyə prezident əleyhinə sabotaj siyasəti yürüdür? Vətən üçün həyatını fəda edən, Şuşada qəhrəmancasına vuruşan qaziyə bu nə münasibətdir? Söhbət Dövlət Sosial Müdafiə Fondunun Şuşada olan döyüşçü, Yardımlı sakini Rahib Ağayevə verilən sosial yardımı dayandırmasından gedir.

Onun bir neçə gün əvvəl Şuşadan yaydığı video müraciətə cavabda DSMF-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili tərəfindən bildirilmişdi ki, yardımın kəsilməsinə səbəb məlumatları düzgün qeyd etməməsidir. Onun sözlərinə görə, ailəsi ilə ayrı təsərrüfat olmasına baxmayaraq, atası Ağayev Savadxan Tapdıq oğluna məxsus fərdi yaşayış evində onunla birgə yaşadığı aydın olub.

Lakin R.Ağayev bunu müraciət zamanı qeyd etməyib, həmçinin əmlakı barədə yanlış məlumat qeyd edib. Bununla belə ailənin elektron qaydada müraciət etməkdə çətinlikləri olarsa, bu sahədə köməklik göstəriləcəyi də bildirilib.

Sahil Babayev Şuşadakı döyüşçünün pulunu vermir-Video

Müraciət edildikdən sonra ailənin sosial yardım almaq hüququna qanunvericiliyə uyğun qaydada baxılacaq. Bu rəsmi izahatdan sonra Şuşadan növbəti müraciətini yayan igid hərbçimiz qeyd edib ki, süründürməçiliklə, bürokratik əngəllə üzləşib.

“İndi məndən etibarnamə istənilib. Hərbi komissarlıqdan deyilib ki, etibarnamə verə bilərik. Amma razılaşmayıblar, özüm etibarnamə verməliyəm. Mən hazırda qulluqdayam. Nə vaxt gələcəyim bilinmir. Bəlkə 3 ay sonra təxris edəcəklər. O vaxta qədər uşaqlarım ac qalmalıdır?”, – deyə yeni video çıxışında R.Ağayev sual edir.

Şuşa döyüşçüsü bildirib ki, icra başçısının müavini Azər Xamıyev yardım olmayacağını söyləyib, ərazi nümayəndəsi Divanxan müəllim isə etibarnamə istəyib: “Mən qulluqdayam, necə etibarnamə göndərim?”

R.Ağayev bildirib ki, döyüşlərə könüllü qatılıb, Cəbrayıl, Füzuli, Hadrut və Şuşa uğrunda gedən savaşlarda iştirak edib. Bu dövrdə DSMF yoxlanış aparıb və döyüşdə olmağına baxmayaraq ailənin sosial yardımını kəsib. İgid döyüşçü prezidentə üz tutub. O, maddi vəziyyətin ağır olduğunu dilə gətirib:

“Fəhlə işləyib balalarımı saxlayırdım. Bu dəqiqə uşaqlarım ailə üzvlərimlə qonşuların öhdəsində qalıb. Minomiyot düşüb gözlərimdən zədə almışam, xəstəxanada da yatmışam, müalicə olunmuşam. Belə bir vəziyyətdə DSMF mənim yardımımı kəsib. Çox məyus oldum”.

Əslində bu müraciətdən dərhal sonra qeyd-şərtsiz qazinin müavinəti bərpa olunmalıydı. Amma DSMF bürokratik əngəllər yaradır. Bu, dövləti gözdən salmaq, Ali Baş Komandanın gördüyü işi, orduya qayğısını, Vətən müharibəsi qəhrəmanlarının əməyini yerə vurmaqdır.

Biz 28 il Şuşanın azadlığını xəyal etmişik. Bu arzunu, yuxunu çin edən oğullarımız var. Onlardan biri – Rahib Ağayev Şuşadan sevinc dolu müraciət etmək əvəzinə, ailəsinin üzləşdiyi çətinlikdən, sosial yardımın kəsilməsindən danışmalı olur. Budurmu təşəkkür əvəzi, Sahil Babayev?