Əmək münasibətlərinin düzgün tənzimlənməsinə nəzarət məqsədilə Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sahələrində aparılan 30 səyyar yoxlama nəticəsində ümumilikdə 1002 nəfər işçidən 57-nin əmək və ya mülki-hüquqi xarakterli müqavilə olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Bu faktlarla bağlı 12 hüquqi və fiziki şəxsə qarşı ümumi məbləği 105 000 manat olan inzibati cərimə tətbiq olunub.
Bu barədə Milli Məclisin iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik hesabatı zamanı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov məlumat verib.
O əlavə edib ki, vətəndaşların müraciətləri əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilmiş yoxlamalar zamanı 676 nəfərin əmək müqaviləsi bağlamadan işlədiyi üzə çıxıb. Bu hallarla bağlı müvafiq işəgötürənlərə ümumilikdə 2 milyon 643 min manat dəyərində cərimə tətbiq edilib. Həmçinin, 7 ayrı-ayrı halda işçilərin əmək vəzifələrinə daxil olmayan fəaliyyətləri yerinə yetirməyə məcbur edilməsi səbəbilə aidiyyəti vəzifəli şəxslərə 8000 manat cərimə kəsilib.