Sahibkarların NƏZƏRİNƏ: Ödənişsiz təlimlər keçirilir

0
321

Mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün müxtəlif dəstək tədbirləri və güzəştlərlə yanaşı, onların sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin artırılması da dövlət tərəfindən dəstəklənir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumatda bildirilib ki, bu məqsədlə KOB subyektləri, startaplar və biznesə başlamaq istəyən şəxslərə müasir çağırışlar nəzərə alınmaqla peşəkar təlimçi-ekspertlər tərəfindən təlim və məsləhət xidmətləri göstərilir.

Bakı, Sumqayıt, Xaçmaz, Yevlax və Şəki şəhərlərində yerləşən KOB inkişaf mərkəzləri (KOBİM) tərəfindən pandemiya şəraitinin tələbləri nəzərə alınmaqla mərkəzlərdə və onlayn formatda biznesyönümlü təlimlər təşkil olunur. Təlimlərdə iştirak ödənişsizdir.  

Sahibkarlıq subyektləri may ayında keçiriləcək təlimlər barədə ətraflı məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi internet səhifəsindən və ya KOBİM-lərin vahid internet saytından – www.kobim.az əldə edə bilərlər.

Qeyd edilib ki, KOB inkişaf mərkəzləri tərəfindən keçirilən təlimlər biznesin planlaşdırılması və inkişafı, marketinq və satış, maliyyə, vergilər, sığorta, insan resurslarının idarə edilməsi, ixrac, sahibkarlıq sahəsində qanunvericilik, peşəkar ünsiyyət bacarıqları və s. kimi istiqamətləri əhatə edir.

Təlimlər KOB subyektlərinin ehtiyacları, eləcə də biznes sahəsində müasir çağırışlar və yeniliklər nəzərə alınmaqla planlaşdırılır. KOBİM-lər həmçinin, sahibkarlara fərdi və qrup halında məsləhət xidmətləri göstərir, biznes planın və layihələrin hazırlanması, biznes ideyanın reallaşdırılması üçün dövlət və özəl qurumlarla əlaqələndirmə, maliyyə resurslarına çıxış istiqamətlərində və s. dəstək göstərir.