Koronavirus pandemiyası təkcə tibbi yox, həm də iqtisadi, sosial, psixoloji və digər sahələrə də mənfi təsir göstərdi. Həm biznesin inkişafı, həm də insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı vəsait ayrılıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Ə.Məsimli bildirib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadiyyat biznesin üzərində dayanıb:
“Amma artıq biznes ya çöküb, ya da çətin vəziyyətdədir. Ona görə də sahibklara 98 milyon, mikro sahibkarlara 64 milyon ayrılıb. Amma bu gün onların düşdüyü vəziyyət acınacaqlıdır və bu vəsait onlar üçün azdır. Sahibkara qısa müddət ərzində normal dəstək olmasa, bir müddətdən sonra 1 milyard vəsait ayrılsa da, onlara xeyri olmayacaq. Sahibkara vəsait verilmədiyi üçün onlar da maaş verə bilmir. Ona görə də xeyli insan işsiz siyahısına qoşulub, amma bundan heç kimin xəbəri yoxdur”.