Sağlamlığımızı təhdid edən metapnevmovirusdan necə qorunaq?

0
24

Xəbər verdiyimiz kimi, metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur. Qonşu ölkələrdə də bu xəstəliyə yoluxanların olması bizi də düşündürür və təşvişə salır. Əhalini maraqlandıran əsas suallar da elə bu virusdan qorunma yolları, yoluxma olarsa, müalicə üsullarıdır.

Yeni yayılmış metapnevmovirus haqqında danışan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya uzmanı Dr. Vasif Əliyev xəstəliyin müalicəsi, qarşısının alınması və simptomları ilə bağlı məlumat verib.

“Bu virus ilk dəfə 2001-ci ildə Niderlandda aşkar olunub. Yuxarı və aşağı tənəffüs yollarının infeksiyasına, hətta pnevmoniyasına səbəb ola bilir. Hava-damcı yolu ilə yoluxur ki, bu da önəmli məqamdır. 5-9 günlük inkubasiya dövrü olduğu bildirilir. Uşaqlar, körpələr, xroniki orqan çatışmazlığı olan xəstələr bu xəstəliyi daha ağır formada keçirə bilir. Bu xəstəliyi ağır keçirən şəxslərdə ölüm riski digərlərinə görə daha yüksəkdir.

Yanaşı xəstəliyi olmayan şəxslərdə bu xəstəlik yüngül formada keçir. Öskürək, burun axıntısı, nəfəs darlığı, temperatur, sinədə xışıltı xəstəliyin əsas əlamətləridir. Xəstəliyi digərlərindən ayırd etmək üçün mütləq burundan yaxma götürmək lazımdır. Bu virusa qarşı peyvənd araşdırma mərhələsindədir, yəni təsdiqlənmiş bir peyvəndi yoxdur. Müalicə yollarından isə ən doğrusu simptomatik müalicədir. Xəstəliyin erkən mərhələlərində antibiotik, sistem istifadə etmək xəstənin daha da ağırlaşmasına gətirib çıxara bilər.

Bu baxımdan, səhv müalicə etməkdənsə, sadəcə simptomatik müalicə etmək ən doğru seçimdir. İlk vacib olan məsələ bu xəstəliyə yoluxmamaqdır. Buna görə də bu xəstəliyə yoluxan insanlardan uzaq durmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq, ara məsafəsi saxlayıb, gigiyena qaydalarına uymaq virusa yoluxmamanın ən etibarlı yoludur. Xəstə şəxslərə məsləhətim odur ki, ev şəraitində qalsınlar. Onların izolyasiyası ən doğru addımdır. Hətta risk qrupuna daxil olan insanlar xəstəlikdən sağalmış şəxslərdən belə virusa yoluxa bilərlər. Buna görə də sağalmış şəxləri belə bir müddət nəzarətdə saxlamaq lazımdır”, – deyə həkim vurğulayıb.

Həkim-infeksionist Mərdan Əliyev isə bildirib ki, bu virus koronavirus kimi pandemiya yaratmaq potensialına malik deyil.

“Metapnevmovirus hazırda yayılmaqdadır. Çində başladı və bizə qonşu ölkələrdə də müşahidə olunur. Amma bu yeni bir virus deyil. Koronavirus kimi epidemiya, pandemiya yaratmaq potensialı da yoxdur. Çünki bu əvvəllər keçirdiyimiz viruslardandır. Ola bilər ki, biz buna nə vaxtsa yoluxmuşuq və sağalmışıq, sadəcə xəbərimiz olmayıb, onu da sadə qrip hesab etmişik. Ona görə də metapnevmovirusdan qorxmaq lazım deyil. Sadəcə olaraq indi sürətlə yayılır və bu da narahatlıq yaradır”, – deyə o qeyd edib.

Həkim bildirib ki, Azərbaycanda da, digər yerlərdə də payız-qış mövsümü ilə əlaqədar yuxarı tənəffüs yolunun kəskin iltihabı olan xəstəliklər çox yayılıb:

“Düşünürəm ki, narahatlığa əsas yoxdur. Qarşısını almaq üçün qripə və digər hava-damcı yolu ilə keçən viruslara qarşı olan tədbirlər var. Əllərin tez-tez və yaxşı yuyulması, insanların sıx olduğu yerlərdən qaçmaq, əgər şübhəli xəstələr varsa, onlar olan yerlərdə maskadan istifadə etmək virusdan qorunmağın əsas yollarındandır. Ən əsası, immun sistemini yaxşı vəziyyətdə saxlamaq xəstəliyə yoluxmamaq, yoluxma olsa belə, daha yüngül keçirməyə kömək edir. Onu da deyim ki, bu xəstəlik yüngül gedişli xəstəlikdir, 3-4 günə sağalır. Yalnız 2 yaşa qədər uşaqlarda və 70 yaş üzəri şəxslərdə ağır gedişata səbəb ola bilər”.

Yeni yaranmış virusun uşaqlara təsiri və qorunma üsulları ilə bağlı Trend-ə danışan pediatr Aytən İsmayılzadə isə qeyd edib ki, uşaqlarda metapnevmovirusa yoluxma halları olarsa, digər viruslara qarşı hansı tədbirlər görülürsə, həmin tədbirləri görmək lazımdır.

“Xüsusi bir şeyə ehtiyac yoxdur. Onsuz da söhbət ağırlaşmadan gedərsə, adi qrip belə ağırlaşma yarada, pnevmoniyaya səbəb ola bilir. Hər bir virusda sadəcə düzgün yanaşma, risk qrupunda olan şəxsləri nəzərə almaq, vaxtında müayinə üçün müraciət etmək, ən əsası, yubanmadan doğru tədbirləri görmək lazımdır. Bu virusa uşaqlarda yoluxma halları olarsa, hərarətli günləri nəzarətdə saxlamaq, ağırlaşma ilə bağlı qan analizləri vermək, ağırlaşma olarsa, həkim təyinatı ilə antibiotik qəbul etmək, ağırlaşma yoxdursa, virus əleyhinə müalicə, bol maye qəbulu, ümumi vəziyyətin nəzarətdə saxlanılması çox önəmlidir. Metapnevmovirus üçün xüsusi tədbirə, qorxuya gərək yoxdur”, – deyə həkim əlavə edib.