Hər bir saç soğanağında xüsusi hüceyrələr var ki, bu hüceyrələr melanin piqmentini ifraz edir. İnsan yaşa dolduqca piqmentin ifrazı tədricən azalır və daha sonra tam dayanır. Nəticədə saçlar ağarır. Bu normal fizioloji prosesdir.
Lakin bəzən insanın saçları çox tez, hətta 20-30 yaşlarında sürətlə ağarmağa başlayır. Bu saçların vaxtından əvvəl ağarması sayılır. Belə ağarmanın səbəbləri müxtəlifdir. Əsas səbəblərindən biri irsiyyətdir. Əgər sizin valideynlər və yaxın qohumlarınızda saçların vaxtından əvvəl ağarması müşahidə olunurdusa, çox güman ki, sizin saçlarınız da tez ağaracaq.
Lakin bəzən saçların vaxtından əvvəl ağarmasının səbəbi orqanizmdə gedən hər hansı pozulma ola bilər. Bu pozulmalar arasında:
– vitamin və mineralların kəskin çatışmamazlığı (pis qidalanma, pəhrizlər, mədə-bağırsaq sistemi ağır xəstəlikləri və s. nəticəsində)
– qalxanvari vəzi fəaliyyətinin pozulmaları
– qara ciyər və böyrək xəstəlikləri
– ürək-damar sistemi xəstəlikləri
– çox güclü stress
– xroniki yorğunluq, orqanizmin fiziki və emosional tükənməsi.
Beləliklə, saçların vaxtından əvvəl ağarması hər hansı xəstəliyin və ya pozulmanın simptomu ola bilər. Bu səbəbdən saçlarınızın vaxtından əvvəl və çox sürətlə ağarmasını müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin və müayinələrdən keçin.