Sabirabadda Əli Əhmədovun iştirakı ilə regional müşavirə keçirilir

0
778

Sabirabad şəhərində Prezident İlham Əliyevin rəhbərliyi altında sosial sahədə uğurla həyata keçirilən islahatlara həsr olunmuş regional müşavirə keçirilib.

YAP-dan Trend-ə verilən məlumata görə, Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – İcra katibi Əli Əhmədov və Milli Məclisin bir qrup deputatı müşavirədə iştirak ediblər.

Qeyd edək ki, Ə.Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Sabirabad şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstəsi qoyublar.

Müşavirədə çıxış edən Ə.Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi altında sosial sahədə çox uğurla həyata keçirilən, ilk növbədə ölkə vətəndaşının mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlardan bəhs etmişdir. Baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar nəticəsində ölkəmizdə təqaüdlərin 116 manatdan 160 manata, yəni 38 faiz artması 300 min vətəndaşın həyatında müsbətə doğru dəyişiklik baş verib: “Eyni zamanda bu və ya digər xarakterli müavinət, güzəştlər alan əhali təbəqələri ciddi şəkildə say etibarı ilə çoxalıb. Büdcə vəsaitlərinin ciddi şəkildə artımı nəticəsində Azərbaycan əhalisinin əhəmiyyətli kəsimi, xüsusilə aztəminatlı hissəsinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar çox ciddi işlər həyata keçirilib. Hesab edirik ki, görülən işlər sosial problemlərin həlli istiqamətində Azərbaycanda çox ciddi addımların atılmasından xəbər verir”.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən davamlı islahatlar ilk növbədə vətəndaşların maraqlarına xidmət edir. Baş nazirin müavini həyata keçirilən dövlət proqramlarından, bölgələrdə və Bakı şəhərində reallaşan böyük infrastruktur layihələrinin əhəmiyyətindən bəhs edərək qeyd etmişdir ki, bu gün Azərbaycan vətəndaşının sosial təminatı əhəmiyyətli dərəcədə yüksəlmiş, insanların sosial-rifah halı müqayisəolunmaz dərəcədə dəyişmiş, bütün bunlarla paralel olaraq, Azərbaycanın siması da tanınmaz şəkildə yenilənmişdir. Nəzərə çatdırılmışdır ki, bu gün Azərbaycanda görülən böyük işlər, hökumət-vətəndaş münasibətləri, xüsusilə son zamanlar imzalanmış Sərəncam və Fərmanlar bir daha sübut etdi ki, Prezident İlham Əliyev hər zaman ölkə vətəndaşının yanındadır.

Baş nazirin müavini öz çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz dinamik inkişafını təmin etdiyini və ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını bildirdi. Qeyd olundu ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsidir. Natiq son bir il ərzində ölkəmizdə ciddi instutitusional islahatların aparıldığını, bu islahatların ölkəmizə və vətəndaşlarımıza olan töhfəsini qeyd etdi.

Ə.Əhmədov qeyd etdi ki, bu gün Azərbaycanda geniş miqyasda aparılan iqtisadi islahatlar nəticəsində ölkəmizin iqtisadi infrastrukturunun yenilənməsi, müasirləşməsi nəticəsində yeni iş yerlərinin açılması ilə bağlı görülən tədbirlər nəticəsində bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətinin güclənməsi, digər tərəfdən isə insanların rifah halının yaxşılaşdırılması istiqamətində daha etibarlı bazanın yaradılması kimi vacib işlər həyata keçirilir: “Təbii ki, insanların sosial həyatının, həyat səviyyəsinin, bütövlükdə ölkədə həyat səviyyəsinin artırılmasının vacib istiqamətlərindən biri insanların işlə təmin edilməsidir. Burada da qeyd edildiyi kimi Sabirabadda da bu istiqamətdə çox böyük işlər görülür, bütövlükdə Azərbaycanda son 15 il ərzində insanların işlə təmin olunması istiqamətində əhəmiyyətli addımlar atılıb. 2 milyona yaxın yeni iş yerlərinin yaradılması Azərbaycan Prezidentinin atdığı ən ciddi sosial addımdır. Sual oluna bilər ki, niyə indi Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin sosial yönümü qabarıq şəkildə ortaya çıxıb. Təbii ki, insanların həyatının yaxşılaşdırılması Azərbaycan dövlətinin, ölkə Prezidentinin həyata keçirdiyi strategiyanın əsasını təşkil edir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi insanlarımızın rifah halının yaxşılaşdırılmasından savayı vacib vəzifə yoxdur”.

Müşavirədə Yeni Azərbaycan Partiyasının Mil-Muğan bölgəsi üzrə rayon təşkilatlarının fəalları, eləcə də Sabirabad rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.