Sabah Novruzun ilk çərşənbəsidir

0
10

Sabah – fevralın 25-də Novruz bayramının ilk çərşənbəsidir.

Su çərşənbəsi Yaz fəslinin gəlişinin müjdəçisi olan Novruz bayramının başlanğıcı sayılır.

Su çərşənbəsi ilə Novruza hazırlıqlar başlayır.

Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. İnanclara görə, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.

Xalqın inamına görə Su çərşənbəsinin növbəti günü “təzə su”dan keçənlər, azarını-bezarını ona verənlər ilboyu xəstəlikdən uzaq olarlar.

Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.

Su çərşənbəsində hamının həyətində tonqal qalanır.

Qeyd edək ki, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəslinin Azərbaycana gəlməsi isə martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir.

Xatırladaq ki, bu il Novruz və Ramazana bayramları ard-arda gəlir. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 27-28 mart da istirahət günü hesab ediləcək.

29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-u və 31-i Ramazan bayramı qeyd olunur.

Bununla da martın 20-dən aprelin 1-dək Azərbaycanda qeyri-iş günü hesab olunacaq.