Sabah Ağdamda Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzi öz işinə başlayacaq

0
326

Sabah işğaldan azad edilmiş Ağdam şəhərində Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin rəsmi açılış tədbiri keçiriləcək.

Qeyd olunur ki, Monitorinq Mərkəzində Rusiya və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin ötən il 10 noyabr tarixində imzaladığı üçtərəfli bəyanatının müddəalarının icrasına birgə nəzarət edəcəklər.  

Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya fakültəsinin Jurnalistika nəzəriyyəsi və tarixi kafedrasının baş müəllimi Kamran Həsənov “Vestnik Kavkaza”ya müsahibəsində bildirib ki, Ortaq Monitorinq Mərkəzi Rusiya sülhməramlılarının məsuliyyət zonasında müharibədən sonrakı vəziyyətə nəzarət prosesində balans funksiyasını icra edəcək.

“Türkiyənin orada olması Ankaranın proseslərə təsir göstərməsi üçün vacibdir. Rusiya da əsas sülhməramlı qüvvə olaraq bu layihədə iştirak edir, rusiyalı və türkiyəli mütəxəssislər birlikdə zorakılığın alovlanmamasına nəzarət edəcək, proseslərin sülh şəraitində davam etməsinə və gələcəkdə əsaslı həllinə şərait yaradacaqlar”, deyə K.Həsənov qeyd edib.

Ekspert əlavə edib ki, Rusiyanın mövqeyi aydındır və sülhməramlı tərəf olaraq bütün bu prosesləri öz nəzarəti altına alıb.

“Qarabağ müharibəsi dövründə Azərbaycanı fəal şəkildə dəstəkləyən Türkiyəyə monitorinq mərkəzində fəaliyyət Qarabağdakı müharibədən sonrakı proseslərdə birbaşa iştirak etmək üçün gərəklidir. Xüsusilə, rəsmi Ankara Bakının mənafelərinin heç bir şəkildə pozulmamasını təmin edəcək və bəyanatın bütün müddəalarının yerinə yetirilməsində Azərbaycanı dəstəkləməyə davam edəcək”, deyə Kamran Həsənov fikrini yekunlaşdırıb.