Səyahətçi: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa sürəti heyranedicidir”

0
185

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa sürəti heyranedicidir”.

Bunu jurnalistlərə İsveçdən olan səyahətçi Maks Karlström deyib.

“Ərazilərin bərpası üçün ayrılan vəsaitin həcmi məni də heyran etdi. İnsanlar bu yerləri ən yaxşı şəkildə bərpa etməyə çalışırlar. Bu prosesin nə dərəcədə fəal aparıldığını görürəm”, – Maks Karlström bildirib.

Eyni zamanda o, bu ərazilərdə mina təhlükəsinin olduğunu vurğulayıb.

Səyahətçi Azərbaycana səfəri çərçivəsində Naxçıvana da getməyi planlaşdırdığını əlavə edib.

Xatırladaq ki, mayın 11-də İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura üçgünlük səfəri başlayıb. Nümayəndə heyəti Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olurlar.

Səyahətçilər ötən gün Füzuli və Ağdamda olublar.

Daha əvvəl ETIC, MTP, TCC, “NomadMania” kimi dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil edilib. Artıq ötən 2 il ərzində Qarabağ və Şərqi Zəngəzura 6 səfər təşkil olunub.