Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası hökuməti ilə Krallığın hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib.
İclasda Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını və Səudiyyə Ərəbistanı şirkətlərinin bu sahələrə investisiya yatırmaq istəklərini ifadə edib. O, Müştərək Komissiyanın 6-cı iclasının yekunlarına əsasən qarşıdakı aylarda Tədbirlər Planının hazırlanmasının və işgüzar səviyyədə təmasların real layihələrə çevrilməsi üçün bütün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.
Nazir Səudiyyə Ərəbistanı və Azərbaycanın ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsimdə, o cümlədən İslan İnkişaf Bankı, OPEK+ çərçivəsində səmərəli əməkdaşlığını yüksək qiymətləndirib.