27 may tarixində “Müstəqilliyin Nəğməsi – 107” adlı bədii konsert proqramı zamanı yaşanan dramatik, amma ilhamverici anlar hələ uzun müddət yaddaşlardan silinməyəcək!
Azərbaycan Milli Konservatoriyasının Tələbə Gənclər Təşkilatının sədri, gənc və istedadlı xanəndə Xəyal Məmmədov səhnəyə çıxmalı idi… Amma son anda səsi batdı. Hər şey bir anlıq durdu. Tamaşaçılar nəfəsini tutmuşdu. Səhnə pərdəsinin arxasında qərar gözlənilirdi…
Və… xalqın alqış sədaları səhnəni titrətdi!
Bütün zal onun çıxışını tələb edirdi. Həmin an ifaçının səsi yox idi, amma ruhu səhnədə idi. Fiziki məhdudiyyətə, səhhətinə, sükutun içindəki təzyiqə baxmayaraq, Xəyal Məmmədov səhnəyə çıxdı və ifasını təqdim etdi. Onun çıxışı zalı ayağa qaldırdı. Bu, sadəcə musiqi deyildi – bu, fədakarlıq, sənətə sədaqət və tamaşaçıya eşq idi.
O an sübut olundu ki, səhnəyə çıxmaq üçün yalnız səs deyil, qəlb və cəsarət lazımdır!
Xəyal Məmmədova bu unudulmaz sənət dərsinə görə dərin təşəkkür edirik! Sənətdə belə anlar nadir olur – bu an yaşandı, yadda qaldı və tarixə yazıldı.
Xəyalın adı artıq təkcə sədr olaraq deyil, səhnədə qələbə çalan bir sənət ruhu kimi yadda qalacaq!