Xəbər verdiyimiz kimi, iş adamı Süleymanov Rəşid Qoşnalı oğlu ilə “Şərur” MTK arasındakı məhkəmə prosesi yekunlaşıb.
Iddiaçı cavabdehə investisiya olaraq hissə-hissə cəmi 1.000.000 ABŞ dolları məbləğində pul verib.
Qoyduğu həmin investisiyanın müqabilində cavabdeh ona qeyri-yaşayış sahəsi verməli olsa da, buna əməl etməyib.
Axırıncı dəfə 2023-cü il 4 noyabr tarixində cavabdehə onun satış üzrə meneceri vasitəsilə 1.000.000 ABŞ dollarının 246.000 ABŞ dolları hissəsini verib.
Həmin pulları o, Binəqədi rayonu S.S. Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında (“Azadlıq” metrostansiyasının ətrafında) inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün ödəyib.
Lakin kooperativ pulu ondan aldıqdan sonra ticarət mərkəzini verməyib və ödədiyi pulun bir qismini hissə-hissə qaytarıb.
Sonuncu dəfə 2022-ci il aprel ayında iddiaçıya 25.000 ABŞ dolları qaytarılıb. İddiaçının cavabdehə ödəmiş olduğu 467.000 ABŞ dolları məbləğində pul isə geri qaytarılmayıb.
“Azadlıq” metrostansiyasının yaxınlığındakı ticarət mərkəzini başqasına satdıqdan sonra cavabdeh iddiaçıya həmin əraziyə yaxın “Red Plaza” adlı binadan qeyri-yaşayış sahəsi ayıracağını vəd verib.
2023-cü ilin mart ayında kooperativin rəhbərliyi ilə bu məsələyə dair son müzakirə olub. Cavabdeh həmin sahəni də verməyəcəyini və qalan 467.000 ABŞ dolları məbləğində pulu qaytarmayacağını bildirib.
Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul olunub. 467.000 ABŞ dolları əsas borc, gecikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları illik 5 faiz olmaqla, cəmi 482.000 ABŞ dolların cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə qərar verilib.
Qeyd edək ki, “Şərur” MTK məşhur iş adamı, qeyri-rəsmi milyarder, “Şərurulu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova məxsusdur.
Bəs “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov Ali Məhkəmənin qərarı ilə razıdırmı? Təyin olunan 482.000 ABŞ dolları məbləğində vəsaiti ödəyəcək, yoxsa əlavə hüquqi addımlar atacaq?
Məsələ ilə bağlı “Cebheinfo.az”a açıqlamasında İsfəndiyar Axundov Rəşid Süleymanovun irəli sürdüyü iddianın tamamilə əsassız olduğunu bildirib.
Onun sözlərinə görə, proses hələ bitməyib:
“Əvvəllər iş adamı Rəşid Süleymanovla yaxşı münasibətimiz vardı. Günün birində Rəşid Süleymanov qeyri-yaşayış sahəsinin alınması ilə bağlı “Şərur” MTK-ya müraciət etdi. Nəticədə şirkət onun müraciətinə müsbət cavab verdi.
Beləliklə, Rəşid Süleymanov Binəqədi rayonu S.S. Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında (“Azadlıq” metrostansiyasının ətrafında) inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün investisiya şəklində şirkətə hissə-hissə cəmi 1 milyon ABŞ dolları məbləğində pul ödədi.
Bir müddətdən sonra Rəşid Süleymanov pulunu geri istədi. Onun tələbi ilə şirkət 1 milyon ABŞ dolları məbləğində pul geri qaytardı. Şirkətdə çalışan hər bir kəs pulun geri qaytarılmasına dair rəsmi sənədlərə qol çəkdi. İndi Rəşid Süleymanov 18 ildən sonra şirkəti məhkəməyə verib.
Halbuki pulun geri qaytarılmasına dair əlimizdə rəsmi sənədlər var. Hazırda Rəşid Süleymanov iddia edir ki, ona catacaq pul şirkət tərəfindən tam şəkildə ödəniməyib, pulun bir hissəsi qalıb. O iddia ərizəsində qeyd edir ki, 1 milyon ABŞ dolları məbləğində əlavə şirkətə daha 88 min dollar da verib.
Məlumat üçün bildirim ki, birinci və ikinci instansiya məhkəməsi onun iddalarını əsassız sayıb. Bundan sonra qanunvericiliyə uyğun olaraq Rəşid Süleymanov Azərbaycan Respublikasının Ali Məhkəməsinə məlum işlə bağlı müraciət edib. Orada nə oyun çıxardısa, Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul olunub. 467.000 ABŞ dolları əsas borc, gecikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları illik 5 faiz olmaqla, cəmi 482.000 ABŞ dolların cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə qərar verilib.
Halbuki pullar tam şəkildə Rəşid Süleymanova qaytarılıb, hamı da sənədlərə qol çəkib. Bir daha qeyd edim ki, buna dair əlimizdə rəsmi sənədlər var. Məhz birinci və ikinci instansiya məhkəməsində özüm şəxsən iştirak etmişəm, hakimlər onun iddiasını əsasız sayaraq rədd ediblər. Ali Məhkəmə isə bizi dinləmədən Rəşid Süleymanovun xeyrinə belə bir qərar çıxarıb”.
İsfəndiyar Axundov qeyd edib ki, hazırda proses bitməyib, iş davam edir:
“Hazırda Ali Məhkəmənin məlum qərarına etiraz olaraq müxtəlif dövlət qurumlarına yazılı şəkildə müraciət ünvanlamışam. Dinləmədən Ali Məhkəmə belə bir qərar verir. Birinci və ikinci instansiya məhkəməsi uduzub, üçüncü mərhələdə necə qazana bilər? Adam 18 il sonra deyir ki, şirkətə pul vermişəm, tamamilə cəfəngiyyatdır”.(yenisabah)