Sərt karantin günlərində Bakıda məşhur restoranda qonaqlıq baha başa gəldi – VİDEO

0
836

Bakıda karantin rejimini pozan daha bir restoran aşkarlanıb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları daxil olan məlumatı yoxlamaq üçün getdikləri “Kaktus” restoranında qonaqlıqla qarşılaşıblar.

Məlum olub ki, restoranın sahibi Cavad Cavadov karantin qadağalarına məhəl qoymadan yeyib-içən dostlarını yanına dəvət edib. Əvvəlcə çay qonaqlığı ilə başlayan məclisə yenicə yeməklər gəlirmiş ki, polis əməkdaşları qonaqlığı yarımçıq qoyublar.

Restoran sahibi bir müddət dostlarından ayrı qala bilər. Çünki onun barəsində materiallar inzibati cəza təyin edilməsi üçün məhkəməyə göndərilib və onun əməli inzibati həbslə də cəzalandırıla bilər.

Məclis iştirakçıları barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların hər biri 200 manat məbləğində cərimə olunublar.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə iyunun 21-dən elan olunmuş ciddi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən, restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılmalıdır.