Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 103 ili tamam olur.
Milli sərhəd mühafizəsi ənənələrini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə ehtiramla yanaşır, gələcəyinə inam hissi ilə baxır, bu günündən qürur duyur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər bütün proseslər Ulu Öndərin adı ilə bağlıdır.
Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etdi ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Onun 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, eyni zamanda, Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.
Son illərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub. Dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətləndirilib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb.
2007-ci il iyunun 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2008-ci il sentyabrın 14-də DSX Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başladılar.
Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır.