Sərbəst güləş millimizin Avropa çempionatında iştirak etməməsinin səbəbi bilindi

0
338

Azərbaycan Güləş Federasiyası ötən ay Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş Avropa çempionatında 15 yaşadək sərbəst güləş millimizin iştirak edə bilməməsinə aydınlıq gətirib.

Federasiyadan verilən məlumata görə, əvvəldən sərbəst güləşçilərimizin bu yarışda iştirakı nəzərdə tutulmayıb və onlara hər hansısa texniki məğlubiyyət verilməyib:

“Hamıya məlum olduğu kimi, pandemiya səbəbindən bir ildən çox idman zalları bağlı oldu. Bu müddət ərzində azyaşlı (15 yaşa qədər) yeniyetmə güləşçilərimiz məşqlərdə iştirak edə bilmədi. Heç bir idman cəmiyyəti və klub bu müddət ərzində fəaliyyət göstərməyib. Sərbəst güləş üzrə milli komandalarımızın əsasını bölgələrdən olan idmançılar təşkil edir. Zalların bağlı olması nəticəsində sərbəst güləş üzrə U-15 komandamız Avropa çempionatına hazırlaşa bilmədi. Ona görə də bu yarışda sərbəst güləş üzrə komandamız iştirak etmədi. Avropa çempionatında iştirak edən yunan-Roma güləşçilərimiz isə 15-17 yaş qrupu üzrə yeniyetmələrdən ibarət yığmanın tərkibində köməkçi qüvvə kimi hazırlıq keçmişdilər. Bu idmançıların perspektivləri nəzərə alınaraq, yuxarı yaş qrupu üzrə təlim-məşq proseslərinə cəlb olunublar. Məhdud sayda olan heyət formalaşdırıldı və həmin idmançılar ölkəmizi Bolqarıstanda keçirilən U-15 Avropa çempionatında təmsil etdi. Onlardan ikisi gümüş medal qazandı. Turan Daşdəmirov (38 kq) və Rinat Nuriyev (62 kq) Avropa ikincisi oldu.

Nəzərinizə çatdıraq ki, Dünya Güləş Birliyinin (UWW) saytında yer alan yarışın yekun protokolunda texniki səhvə yol verilib. Orada yunan-Roma güləşçilərimizin adları səhvən sərbəst güləşçilərin siyahısında göstərilib. Halbuki Azərbaycan Güləş Federasiyası UWW-yə sərbəst güləş yarışları üçün əvvəlcədən iştirak ərizəsi göndərməyib. Ona görə də heç bir texniki məğlubiyyətdən söhbət gedə bilməz. Bu anlaşılmazlıqla bağlı UWW-yə rəsmi şəkildə müraciət etmişik. Bu yanlışlıq tezliklə aradan qaldırılacaq. Onu da qeyd edək ki, iyunun 14-20-si tarixlərində Bolqarıstanın Samokov şəhərində keçiriləcək Avropa çempionatı yeniyetmə idmançılarımızın 2020-ci ildən bu yana iştirak edəcəyi ilk rəsmi yarış olacaq. Həmin qitə birinciliyində hər üç güləş növü üzrə yığma komandalarımız çıxış edəcək. Yeri gəlmişkən, U-15 Avropa çempionatında iştirak məcburi deyil və könüllülük prinsipinə əsaslanır”.