Sənayedə qeyri-dövlət sektorunun payı 77,7 faiz olub

0
500

Yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,5 faiz azalaraq 18,4 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən  bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda istehsal əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 11,2 faiz artıb, neft-qaz sektorunda isə 2,8 faiz azalıb. Sənaye məhsulunun 61,6 faizi mədənçıxarma, 32,1 faizi emal, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 77,7 faiz olub. Ümumi istehsalın 85,8 faizi sənaye məhsullarının istehsalı, 14,2 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
Hesabat dövründə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə aralıq istehlak məhsullarının istehsalı 28,5 faiz artıb, istehsal vasitələrinin istehsalı 14,4 faiz, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 2,7 faiz, enerji məhsullarının istehsalı isə 2,3 faiz, qısamüddətli istifadədə olan malların istehsalı 2,1 faiz azalıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyulun 1-nə 561,6 milyon manatlıq hazır məhsul qalıb.
Ehtiyatların 0,3 faizi Naxçıvan Muxtar Respublikasının, 50,3 faizi Bakı, 9,8 faizi Gəncə, 6,6 faizi Sumqayıt, 5,1 faizi Şirvan, 0,1 faizi Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 89,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.