Sənədsiz evlərini qeydiyyata aldırmaq istəyənlərə vacib xəbər: Siyahı açıqlandı

0
565

Fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün yaşayış məntəqələri təyinatlı torpaqlarda tikilməsi əsasdır. Digər hallarda həmin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mümkünsüzdür

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakların dövlət qeydiyyatının sadələşdirilməsi, bu xidmətlərin vətəndaşlar üçün daha əlçatan olunması istiqamətində mühüm işlər görülür.

Fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması ilə bağlı xidmətlər Əmlak Xidmətləri Məkanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində o cümlədən, əvvəlcədən elan edilməklə müxtəlif kənd və qəsəbələrdə səyyar kampaniyalar vasitəsilə göstərilir.

Komitədən məlumat verilib ki, fərdi yaşayış evlərini dövlət reyestrində qeydiyyata almaq istəyən şəxslər sənədlərini komitənin müvafiq ofislərinə təqdim edə bilərlər.

Qeyd edək ki, fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün yaşayış məntəqələri təyinatlı torpaqlarda tikilməsi əsasdır. Digər hallarda həmin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mümkünsüzdür.

Qeydiyyat üçün tələb olunan sənədlərə gəldikdə isə qanunvericiliyə əsasən sənədlər əmlakın tikildiyi tarixdən asılı olaraq dəyişir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” qanuna əsasən, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yəni, 2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərə dair müvafiq sənədlər tələb olunur. Hündürlüyü 12 metrədək olan yaşayış evləri icarədə və ya istifadədə olan torpaq sahəsi üzərində yerləşirsə, bu zaman torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunur.

Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən, yəni 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililər üçün isə digər sənədlər tələb olunur.

Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün vətəndaşlar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə kimi sənədləri təqdim etməlidirlər.Əgər daşınmaz əmlak məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evidirsə, bu halda torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanınına məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.

Qeyd edək ki, fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması xidməti vətəndaşın istəyindən asılı olaraq 1, 3, 7, 10 iş günü ərzində göstərilə bilər. Çıxarışın verilməsi üçün tələb olunan dövlət rüsumu 30 manatdır. Xidmət haqqı isə Tarif Şurasının 31 iyul 2009-cu il tarixli, 4 nömrəli qərarı ilə müəyyən olunub.