Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində iki ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis Şöbəsinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxsin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Şəmkir Regional Mərkəzinin (113 xidməti) əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd təlim məqsədli 100 mm-lik top mərmisi (PBR-412) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.