Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri – Elcan Hüseynov, Röyal Həsənov və yetkinlik yaşına çatmayan digər bir rayon sakini saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər mart ayının 9-da rayon ərazisindəki fərdi yaşayış evlərinin birinə qeyri-qanuni yolla daxil olaraq oradan bir ədəd televizor oğurlayaraq satıblar. Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə həmin şəxslərin daha bir fərdi yaşayış evindən bir ədəd televizor, bir ədəd kompüter, 500 manat nağd pul və qızıl-zinət əşyalarını oğurlayaraq satması məlum olub.
Şübhəli şəxslər maddi-sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.