Səməd Seyidov: Praqa görüşü göstərdi ki, sülh müqaviləsi istiqamətində ciddi irəliləyişlər olacaq

0
238

Azərbaycan və Ermənistan liderlərinin Praqa görüşünün keçirilməsi Fransa Prezidenti Emmanuel Makron tərəfindən təklif edilmişdi. Bu görüş Avropada yeni reallığın, yeni təhlükəsizlik sisteminin və yeni siyasi əlaqələrin yaradılmasına dəlalət edir. Çexiyada keçirilən sammitdə Azərbaycan ən yüksək səviyyədə təmsil olundu, sayılıb-seçilən ölkələr arasında öz yerini tutdu. Biz bunu Prezident İlham Əliyevin çıxışı, görüşləri, jurnalistlərlə ünsiyyəti zamanı, onunla qeyri-formal söhbət aparan dövlət başçılarından, həm də formal təşkil olunmuş görüşlərdən və müzakirələrdən bir daha gördük.
Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Səməd Seyidov Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşün tarixi əhəmiyyət kəsb etdiyini bildirib. Deyib ki, görüşün nəticəsi olaraq dərc edilən siyasi bəyanat Avropanın bəyanatıdır.
“Çünki Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısında Avropanın 44 ölkəsi təmsil olunurdu və həmin toplantı çərçivəsində belə vacib, nəzərəçarpan görüş olmadı. Bu, Avropanın Azərbaycanın sülh üçün təklif etdiyi beş prinsipə cavabdır. Bu cavab onu deməyə əsas verir ki, onlar həmişə Azərbaycanın ərazi bütövlüyünü qəbul ediblər. Lakin bu dəfə ərazi bütövlüyümüz rəsmən, həmçinin Ermənistan tərəfindən qəbul olundu. Bu, özlüyündə tarixi məsələdir. Ona görə də bu bəyanatın Praqa toplantısında verilməsi və qarşılıqlı ərazi bütövlüyünün Azərbaycanın, Ermənistanın, Fransanın, Avropa İttifaqı Şurasının iştirakı, Avropanın demək olar bütün siyasi rəhbərlərinin şahidliyi ilə vurğulanması böyük tarixi hadisədir”.
Deputat 1991-ci ildə imzalanan Alma-Ata Bəyannaməsində də Azərbaycanın və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını xatırladıb. Deyib ki, məhz həmin bəyanatın qəbul olunduğu sammitin imzaları nəticəsində Azərbaycan və Ermənistan BMT-yə qəbul olunub. Lakin bundan sonra Ermənistan özünün və ölkəmizin ərazi bütövlüyünü pozub, Azərbaycan torpaqlarını işğal edəndən sonra faktiki sərhədlərini Ağdamdan, Füzulidən keçirmək niyyətində olub. Bununla yanaşı, onlar Qarabağı qeyri-qanuni olaraq Ermənistanın tərkibinə daxil etmişdilər. Ona görə də faktiki olaraq Alma-Ata Bəyannaməsinin üzərindən xətt çəkmişdilər.
“Praqa görüşündə məcbur etdik ki, Ermənistan 1991-ci ildə imzaladığı sazişə geri qayıtsın. Ondan sonra baş vermiş bütün hadisələrin üzərindən xətt də çəkdik. Ona görə də bu tarixi hadisəni düzgün qiymətləndirmək lazımdır. Artıq bu istiqamətdə proseslər gedir.
Separatçılar Qarabağda nə qədər təxribatlar törətsələr də, dünya öz sözünü dedi, Azərbaycan öz sözünü dedi, hətta Ermənistan da sözünü dedi. Sülh müqaviləsi istiqamətində ciddi irəliləyişlər olacaq.
Təbii ki, təxribatlar yenə də ola bilər. Erməni lobbisi sakitləşməyib və böyük ehtimalla Azərbaycana qarşı böhtan və yalan dolu bəyanatlara cəhd göstərəcəklər. Ancaq prinsipial məsələlər arasında olan ərazi bütövlüyü artıq tanınıb. Bu istiqamətdə də Azərbaycan Prezidentinin fəaliyyəti ən yüksək səviyyədə təqdir olunmalıdır”, – deyə, Səməd Seyidov əlavə edib.