Səkkiz vətəndaşımızın minaya düşməsi: “Ermənistanın Azərbaycan xalqına qarşı terroru davam edir” – RƏY + FOTO

0
177

“Ermənistanın Azərbaycan xalqına qarşı mina terroru bu gün də davam edir. Son olaraq, 8 vətəndaşımızın minaya düşməsi bunu bir daha göstərir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bu gün Kəlbəcərdə 4-ü hərbçi olmaqla 8 nəfərin minaya düşməsi və onlardan birinin şəhid olması barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycan dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, bu günə kimi heç bir mina xəritəsi təqdim olunmayıb:

“Verilən xəritələr isə düzgün olmayıb, səhihliyi şübhə altında olub və cəmi 25 faizi doğru çıxıb”.

Bu günədək 276 Azərbaycan vətəndaşının minaya düşdüyünü xatırladan deputat çoxlu sayda insanın dünyasını dəyişdiyini vurğulayıb:

“Müharibənin bitməsinə baxmayaraq, Ermənistan bu gün də öz ərazisində istehsal etdiyi minaları bizim torpaqlarımızda basdırmağa davam edir. Bu yaxınlarda Sarıbaba dağında aşkarlanan partlayıcı maddələr də onu göstərdi ki, Ermənistan Azərbaycana qarşı bu siyasəti hələ də davam etdirir”.

C.Məmmədov Azərbaycanın dəfələrlə məsələ qaldırmasına baxmayaraq, beynəlxalq qurumların buna heç bir reaksiya verməməsinin təəssüf doğurduğunu söyləyib:

“Bu səbəbdən minaların basdırılması prosesi davam edir. Proseslər göstərir ki, Azərbaycan vətəndaşları ermənilərin basdırdığı minalardan uzun illər əziyyət çəkəcək. Ermənistanı müdafiə edən bir sıra dövlətlər, ayrı-ayrı qurumlar bu cinayət əməllərini qəti şəkildə pisləməlidir. Ermənistana ciddi təzyiq göstərilməlidir ki, onlar minaların dəqiq xəritəsini Azərbaycana versin və bu istiqamətdə zəruri addımlar atılsın”.

Qeyd edək ki, Baş Prokurorluq, Müdafiə və Daxili İşlər nazirliklərinin yaydığı birgə məlumatda dekabrın 14-də təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 əməkdaşının Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşdüyü qeyd olunub. Bildirilib ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub. Hazırda faktla bağlı Kəlbəcər Rayon Hərbi Prokurorluğunda araşdırma aparılır.