“Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası olduqca önəmli bir prosesdir. Bu proses çox çətindir, lakin biz tərəfdarıyıq ki, danışıqlar getməlidir, bütün hüquqi əsası olan sənədlər araşdırılmalıdır. Proses irəli aparılmalıdır”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistan bəhanələrdən istifadə etməməlidir.
“Delimitasiya məsələsində şübhə doğurmayan məqamlar var. Azərbaycanın səkkiz kəndi yaşayış məntəqələri olub. Yəni bu kəndlər qeyri-müəyyən və mübahisəli yüksəkliklərdən fərqlidir”, – deyə nazir əlavə edib.
Ceyhun Bayramov qeyd edib ki, səkkiz kəndin delimitasiya çərçivəsində Azərbaycana qaytarılması təmin edilməlidir.
“Eyni zamanda delimitasiya prosesi başa çatmayana qədər Ermənistana çağırışımız bundan ibarətdir ki, sərhəddə hər hansı təxribatyönümlü addımlardan çəkinsinlər”, – deyə Ceyhun Bayramov əlavə edib.
Qeyd edək ki, Qazaxın yeddi kəndi (Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Yuxarı Əskipara, Bərxudarlı, Sofulu, Qızılhacılı) və Naxçıvan ərazisindəki Kərki kəndi hələ də işğaldadır.