Şəki və Qax rayonlarının əkinə yararsız ərazilərində iki min hektara yaxın fındıq bağları salınıb – FOTO/VİDEO

0
630

Şəki rayonunun Bideyiz, İnçə, Cunud Biləcik və Qax rayonunun Qaşqaçay, Güllük, Almalı, Cəlayir, Zəyəm kəndləri yaxınlığındakı əkinə yararsız bələdiyyə və meşə fondu torpaqlarının bir hissəsində intensiv fındıq bağları salınıb.

Həmin ərazilərdə bu işləri “AGA Group”un şimal-qərb bölgəsindəki təmsilçisi “Monte Ferro” şirkəti həyata keçirir.

Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu günə qədər istifadə olunmayan, əkin və bağçılıq üçün yararsız sayılan təqribən 2 000 hektara yaxın ərazidə yeni fındıq kolları əkilib.

“Monte Ferro” aqroparkının Qax rayon birliyinin rəhbəri Xəzər Əhmədovun sözlərinə görə, artıq əkin aparılan ərazilərdə üç, iki və birillik intensiv fındıq bağları salınıb:

“Hazırda Şəki rayonunun Cunud kəndi yaxınlığında 1 000 hektar ərazidə payızlıq əkin üçün hazırlıq işləri gedir. Ərazi texnika vasitəsilə iri çay daşlarından və koldan təmizlənir. Qax rayonunun Güllük kəndində isə yeni salınacaq intensiv fındıq bağlarında əkilməsi nəzərdə tutulan tinglər yetişdirilir. Bu tinglər əkin zamanı sahələrə köçürüləcək”.

Ərazilər “Monte Ferro” şirkəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən uzun müddətə icarəyə götürülüb, çay daşı və kol-kosdan təmizlənərək əkin üçün yararlı vəziyyətə gətirilib. Fındıq əkilən bağlar Azərbaycanda ilk dəfə olaraq müasir damcılı suvarma sistemi ilə təmin olunub. İntensiv fındıq bağlarında subartezian quyuları qazılıb, 10 min kub metrlik su hovuzları və elektrik təminatı ilə təchiz olunub. Bağsalma işlərinə il ərzində daimi və mövsümi olaraq kənd əhalisi cəlb olunub.

Şəki rayonunun Cunud kənd sakini, 64 yaşlı Rəcəb Abdurəhmanov söyləyir ki, artıq altı aydır yaşadığı kəndin yaxınlığında işlə təmin olunub və aqronom kimi çalışır:

“Biz buranı daim kolluq və daşlıq ərazi kimi görmüşük. Ancaq hazırda burada fındıq əkininin aparılması üçün əhəmiyyətli dərəcədə işlər görülür. Ümid edirəm ki, əkdiyimiz fındıq kolları öz bəhrəsini verəcək və gələcəkdə də bu bağlarda biz çalışacağıq”.

Qeyd edək ki, “Monte Ferro” şirkəti tərəfindən 2022-ci ilə kimi fındıq bağlarının ümumi sahəsinin 5 000 hektara çatdırılması planlaşdırılır.