Şəkər xəstələrinin həyatını dəyişəcək inqilabi ixtira: İnsulin iynəsi tarixə qovuşur

0
168

Sidney Universiteti və Norveç Arktika Universitetinin alimlərinin apardıqları işlər nəticəsində yeməli insulin hazırlanıb.

“Nature Nanotechnology” elmi jurnalında dərc edilən araşdırmaya görə, yeməli insulini bədənə kapsul şəklində və ya görünməz nano-daşıyıcılar vasitəsilə şokolad parçasına yerləşdirməklə qəbul etmək olar.

Tədqiqat iştirakçılarından olan Arktika Universitetinin professoru Peter McCourt insulini bu şəkildə qəbul etməyin daha yaxşı olduğunu deyib:

“Bu qayda ilə bədənin təcili olaraq insulinə ehtiyacı olan hissələrinə maddəni tez çatdırmaq mümkündür. Şprislə alınan insulin bütün bədənə yayılır və arzuolunmaz yan təsirlərə səbəb ola bilir. Biz insulinin mədə turşusu və həzm fermentləri tərəfindən parçalanmasının qarşısını alacaq bir örtük hazırladıq. Beləliklə, insulin strukturu zədələnmədən qaraciyərə çata bilər”.

Qeyd edək ki, yeni insulinin əvvəlcə qurd, siçan və siçovullar üzərində sınaqdan keçirildiyi bildirilib. Tədqiqatçılar yeni insulin metodundan uğurlu nəticələr alınarsa, 2025-ci ildən insanlar üzərində sınaqdan keçiriləcəyini deyiblər.