Səhiyyə Nazirliyinin rəsmisindən əhaliyə MÜRACİƏT

0
464

COVID-19 infeksion xəstəliklərdən biridir. Bizim bu infeksiyaya yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuz və ya müxtəlif əlamətlərlə keçirməyimiz birbaşa immunitetdən asılıdır.

Bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov 1 mart Ümumdünya İmmunitet Günü ilə bağlı müsahibəsində deyib.

COVID-19-la mübarizədə immun sisteminin hansı dərəcədə rol oynadığı ilə bağlı sualı cavablandıran T.Eyvazov koronavirusdan qorunmağın birinci yolunun gigiyenik qaydalara riayət etmək olduğunu deyib:

“COVID-19 infeksion xəstəliklərdən biridir. Digər infeksion xəstəliklərdə olduğu kimi bu xəstəlik zamanı da anadangəlmə, qazanılmış immunçatışmazlığı, yanaşı xroniki xəstəlikləri olan insanların böyük bir hissəsi risk qrupu olaraq xəstəliyi daha ağır keçirir. Bu səbəbdən onlarda müxtəlif ağırlaşmalar baş verir ki, bəzən bu, ölümə səbəb olur. Ona görə də COVID-19-dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək və immunitetimizi gücləndirməklə yanaşı, vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır”.

Baş infeksionist immuniteti gücləndirmək üçün əhaliyə müraciət edib:

“İmmun sistemimizi qorumağa və gücləndirməyə kömək edəcək bir neçə tövsiyələr vardır:

1. İllik qrip peyvəndi də daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmayın;

2. Qida maddələrin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət edin;

3. Normal bir gecə yuxusunu təmin edin. Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir;

4. Bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stresdən yayınmaq lazımdır. Yaxşı bir əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immuntetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir.

5. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır”.